İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Mənsur Həqiqətpur Azərbaycan Milli Məclisinin deputatı Siyavuş Novruzovla polemikaya girdiyinə peşman olub.
Modern.az-ın məlumatına görə, iranlı deputat Siyavuş Novruzova ünvanladığı növbəti müraciətində onunla söz "davası"na çıxdığı üçün təəssüf etdiyini vurğulayıb. Həqiqətput həmçinin Novruz bayramı ilə bağlı Azərbaycan xalqını təbrik edərək, hər iki milləti barışığa çağırıb.
"Gələn Novruzu İnşaalah Qarabağda, İsa bulağının başında keçirək!"
“Azərbaycan xalqı İslam dininə sevgi ilə qucaq açanlardandır. Çünki məntiq əhlidir, haqqı inkar etməz. Tarixdə az olmayıb ki, İslam və başqa həqiqətləri gözüyumulu inkar ediblər. Bizim xalq isə bəzi cahil qövmlər kimi “bu ərəbin dinidr” deməyib, ona təklif olunan dinin mahiyyətinə baxıb. Xalqımız xeyir görüb İslamda və can-başla şəhadət kəlmələrini dilə gətirib.
Sizə Novruzun Allah istəyən bayram olmasını arzulayıram. Allah bu bahar qəlbinizdə gül-çiçək ətrini əskik etməsin. Gələn Novruzu inşaalah dilbər Qarabağda, İsa bulağının başında keçirək!
Novruzun ən böyük missiyalarından biri küsülülərin barışmasıdır. Mənim bu təbrik müraciətim də həmin missiya üzərində qurulub. Bu sadəcə təbrik deyil, düşmənlərin zaman-zaman Azərbaycan və İran arasında törətdiyi fitnələri aradan qaldırmağa cəhddir. Çox itirmişik düşmənə uymaqla. Əgər Sovetlər Birliyi dağılanda xalqın qırdığı tikanlı telləri yenidən qurmasaydılar, indi uzaqdan-uzağa danışmağa məcbur olmazdıq. İndi Araz boyu azəri bacı-qardaşlarım Novruz süfrəsi açıb deyib-gülür, beynəlxalq imperializmin puça çıxmış arzularına acıq verirdilər. İran belə istəmirdi. Əminəm ki, Azərbaycan xalqı da iki qardaş arasındakı tikanlı tellərdən ləzzət almır. Deyirlər Vətəni bölən Araz. Elə bilirəm Araz inciyir bu sözlərdən. Axı o da Kür kimi bir Allah payıdır məmləkətə. Vətəni bölən Araz deyil, sərhəddir, viza rejimidir”.
“Novruzovun son cavabından sonra ümidsiz oldum”
Həqiqətpur daha sonra Azərbaycan Milli Məclisinin deputatı Siyavuş Novruzovla aralarında yaşanan gərgin polemikadan söz açıb.
“Mənim bu xalqa sözüm var və xalq mənim canım-ciyərimdir, ona qarşı heç bir iradım yoxdur. Peyğəmbər buyurur ki, xalqları ittiham etməyin. Amma sözümü çatdırmaq üçün-mətbuatı izləyənlər yaxşı bilir - uzun müddətdir Azərbaycan Milli Məclisinin deputatı Siyavuş Novruzova müraciət edib onu Araz kənarında, canlı yayım şərti ilə iki ölkə arsındakı problemlərin müzakirəsinə çağırmışam. Çox istəyirdim ki, həm Azərbaycan, həm İran əhalisi bu müzakirələri canlı izləsin və şahid olsun ki, münasibətlərin soyuqluğu yalnız düşmən fitnəsidir, bu iki xalq qardaşdır və sevgidən savayı bölüşəcəyi bir şey yoxdur. Amma istəyim baş tutmadı və Novruzovun son cavabından sonra ümidsiz oldum. Əgər o desəydi gələn Novruz Qarabağda görüşüb danışarıq sevinərdim, amma dedi ki, "gələn il Təbrizdə parlament sədri olacağam, onda görüşərik".
Cənab Novruzovla polemikaya girməyimə təəssüf etdim. Yenə də ümid edirdim ki, bu insanların qəlbində acza da olsa mərhəmət, ədalət hissi qalıb. İndi əmin oldum ki, Azərbaycanda söz deyiləsi tərəf varsa, o da xalqın özüdür”-deyə iranlı deputat bildirib.
Anar RÜSTƏMOV