Cəlilabad rayonunda martın 23-də ana və iki azyaşlı qızının vəhşicəsinə qətlə yetirilməsi Azərbaycanda ölüm hökmünün bərpası məsələsini yenidən gündəmə gətirib. Modern.az saytının məlumatına görə, ölüm hökmünün yenidən bərpası təklifilə millət vəkili Fazil Mustafa çıxış edib.
”Dünən Cəlilabadda Quliyev soyadlı bir cani qohumu olan bir qadını və iki körpə uşağını öldürüb, izi itirmək üçün evlərini yandırıb. BU VƏHŞİYƏ ÖMÜRLÜK HƏBSMİ VERİLƏCƏK? Milli Məclisdə qəti şəkildə məsələ qaldıracağam ki, azyaşlı uşaqların qəsdən öldürülməsi, zorlanması, narkotikə cəlb olunması üçün mütləq ölüm hökmü barədə təklif cəmiyyətin müzakirəsinə çıxarılsın. O iki körpə uşağın qətlinin heç bir bəraətverici izahı ola bilməz. Azyaşlı məsum uşaqların vəhşicəsinə qətlinə qarşı hər bir duyarlı vətəndaş ciddi etiraz səsini ucaltmalıdır”-deyə Fazil Mustafa bildirib.
Xatırladaq ki, martın 23-də saat 23.00 radələrində Cəlilabad şəhər sakini Musa Quliyev aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qohumu Nahidə Quliyevanı və onun azyaşlı uşaqları Mədinə və Nurayı çoxsaylı bıçaq xəsarətləri yetirərək öldürüb, daha sonra isə cinayətin izini itirmək məqsədilə onların yaşadığı evi yandırıb.
Modern.az