Modern.az

“Rusiyaya “klassik düşmən” kimi baxmaq düzgün deyil”- MÖVQE

“Rusiyaya “klassik düşmən” kimi baxmaq düzgün deyil”- MÖVQE

Aktual

3 Aprel 2013, 12:36

İki gündür bəzi ölkə KİV-də  Rusiyanın Azərbaycanla hərbi əməkdaşlığı dayandırmaq və ölkəmizə silah satışı ilə bağlı qərar qəbul etdiyi barədə yazılar yazılır. Belə ki, yazılarda qeyd olunur ki, bu barədə hərbi mənbələrdən həmin mətbuat orqanlarına məlumat daxil olub. Məlumatda deyilir ki, Rusiya Azərbaycanla yeni silah və hərbi texnikanın alqı-satqısına dair bütün danışıqları dayandırıb. Həmçinin o da bildirilir ki, Rusiya  Qəbələ RLS-in bağlanmasına reaksiya kimi bu addımı atır. Həqiqətənmi şimal qonşumuzla yeni bir gərginlik ərəfəsindəyik?

Bunu yazanlar nəyə xidmət edir?

Bu barədə modern.az-ın suallarını şərh edən Milli Məclisin Müdafiə Məsələləri və Təhlükəsizlik Komitəsinin üzvü, millət vəkili Zahid Orucun fikrincə, media informasiyaları hər hansı bir mənbəyə söykənir. Bununla yanaşı həmin mətbuat orqanlarının marağının nədən ibarət olmasını  da təyin etmək gərəkdir. “Əminəm ki, hər bir mətbuat əhli və siyasi dünya görüş sahibləri Azərbaycanın güclü hərbi imkanlara malik olmasını istəyirlər. Eyni zamanda Rusiya-Azərbaycan münasibətlərinin normal fazada davamlılığını arzu edirlər. Amma bu cür məsələlər dövriyyəyə çıxırsa və hər hansı hərbi, siyasi qruplar müəyyən bir ssenariləri gündəmdə saxlamaq üçün addımlar atırsa, biz ilk növbədə onların marağı barədə düşünməliyik”.

“Biz əsl həqiqətə çatmırıq”...

Deputat Rusiya ilə Azərbaycan arasında hərbi əməkdaşlığın dayandırılmasına səbəb ola biləcək amilləri də sadalayıb. Komitə üzvü əlavə edib ki, ilk növbədə Azərbaycanın Rusiya əleyhinə hər hansı hərbi bloklarda yer alması qabardılmalıdır. “Azərbaycan NATO-nun Şərqə doğru genişlənməsi proqramı çərçivəsində bu hərbi-siyasi alyansa üzvlüyünü hədəf seçibsə və Rusiyanın maraqları Cənubi Qafqazda Azərbaycan tərəfindən təhdid olunarsa, deyilənlər reallığı əks etdirər. Bu müstəvidə düşünəndə həmin informasiyaların doğru olmadığı üzə çıxır. İkinci bir tərəfdən Azərbaycanı silah embarqosuna məruz qoymaq, ölkənin beynəlxalq əlaqələrinin güclənməsi fonunda müəyyən bir təzyiq elementi, siyasi təsir vasitəsi kimi düşünülə bilər. Bu halda da düşünürəm ki, biz əsl həqiqətə çatmırıq. Yazılan informasiyaların gündəmdə qalmaq ehtimalı çox azdır”-deyə millət vəkili vurğulayıb.

Qərb bazarlarına  nə gəlib?!

Zahid Oruc onu da bildirib ki, Azərbaycanın hərbi imkanları öz qüdrətini gücləndirməyə xidmət etsə də, bu amil Rusiyanın əleyhinə çevrilmir. Ümumiyyətlə regionda militaristləşdirmə siyasətini Azərbaycanın arzu etmədiyini deyən komitə üzvünün fikrincə, Azərbaycan üçün Qərb bazarları da açıqdır. “Əməkdaşlıq dayandırılsa belə, Azərbaycan Qərb bazarlarına çıxacaq. Bu mənada Rusiya strateqlərinin silah embarqosu ilə bağlı qərarı da səhv olardı. Rusiya ötən dövr ərzində maraqlı, öz ölkəsinin mənafeyi üçün xeyli düşünülmüş bir mövqe seçib. İlk olaraq Ermənistanı guya pulsuz silahlandırır. Azərbaycan təbii ki, bunun qarşılığında çox kəskin iddialarla Rusiyanın qarşısına çıxırıq. Biz əgər ölkəmizin Silahlı Qüvvələrinin modernləşməsini və onun NATO standartlarına uyğunluğundan danışırıqsa Rusiya ilə əlaqədən imtina edə bilərikmi? Əlbəttə xeyr. Çünki Rusiyanın dünya silah bazarında aparıcı mövqeyə malikdir. Məndə olan məlumatlara görə Rusiya büdcəsində 31-32 milyard dollarlıq gəlir məhz hərbi texnikanın və avadanlığın satılmasından əldə olunur. Rusiya hərbi sahədə güclü dövlətlərlə rəqabət aparmaq gücündədir. Buna görə də “klassik düşmən” nöqteyi-nəzərindən bu ölkəyə bu cür yanaşma düzgün deyil”-deyə qeyd edib.

Kreml heç vaxt istəməz ki...

Deputat bildirib ki, Rusiya ilə Azərbaycan arasında hərbi əlaqələr olub və bundan sonra da davam edəcək. Çünki hər iki dövlətin mənafeləri bunu tələb edir. “Bu ölkə ilə hərbi  münasibətlərin tamamilə dayandırılması özü Rusiyanın əleyhinə çevrilə bilər. Bunu isə nə Kremldə əyləşənlər, nə də Lavrov başda olmaqla  onların xarici siyasət idarəsi istəyir. Güman edirəm ki, Azərbaycan rəhbərliyi də şimal qonşumuzla münasibətləri normal məcrada inkişaf etdirmək niyyətindədir. Əlaqələrin kəsilməsinə inanmıram və bunu dezinformasiya hesab edirəm. Ola bilər ki, həmin mətbu materiallar bir testdir və bununla nələrisə yoxlayırlar”. Zahid Oruc deyib ki, Milli Məclisin Müdafiə Məsələləri və Təhlükəsizlik Komitəsinə əməkdaşlığın dayandırılması ilə bağlı heç bir məlumat daxil olmayıb. “Zənn edirəm ki, u haqda diplomatlar və siyasi dairələr arasında müzakirələr olsaydı, bu, cəmiyyətə daha tez bəlli olardı. Digər tərəfdən Azərbaycan kimi iqtisadi inkişaf etmiş bir ölkə əlaqələri kəsmək Rusiyanın öz maraqlarına zərbədir. Komitədə, Milli Məclisdə və siyasi dairələrdə Rusiya ilə hərbi əməkdaşlığın dayandırılması ilə bağlı məsələlər müzakirə edilmir”-deyə deputat yazılan inormasiyalara tutarlı arqumentlərlə cavab verib.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı