Yaxın Şərq yenə də qaynaq qazanı xatırladır. İslam dünyasının bu gün ən ağrılı yeri olan Suriyada axan qan hələ ki dayanmır. Hər gün uşaqlar və qocalar da daxil onlarla günahsız insan bu qardaş qırğının qurbanı olur. Rəsmi və qeyri rəsmi açıqlamalara görə Suriyada xalq üsyanı başlanandan bu günəcən uşaqlar və qocalar da daxil 70 min nəfərdən artıq dinc sakin həlak olub, milyonlarla suriyalı isə xarici ölkələrə qaçıb. Qeyri-rəsmi mənbələrə görə isə bu itki qat-qat artıqdır.
Diktator Bəşər Əsədin öldürülməsiylə bağlı bu günlərdə xarici KİV-də yayılan informasiyanın mürəkkəbi qurumamış dərhal da təkzib edilməsi bu xəmirin hələ çox su aparacağından xəbər verir. Ancaq Bəşər Əsədin sağ olub-olmamasından asılı olmayaraq artıq diktatorun kitabının bağlandığı heç kəsə sirr deyil. Özündən sonra xalqına ?ox acı bir miras qoymuş Bəşər Əsədin cahilliyi və hakimiyyət hərisliyi üzündən Suriya bu gün başdan-başa dəhşətli yanğının sardığı xaraba qəbiristanlığı xatırladır. Ölkənin ən qədim yaşayış məskənləri, qiymətli tarixi abidələr yerlə bir edilib. “Gözləri çıxarılmış qardaşları” Hüsnü Mübarək, Muammar Qəddafi və Bin Əlidən ibrət götürməyən, xalqına dəhşətli əzablar yaşadan Bəşər özünə bir çıxış yolu da qoymayıb. Suriyada vətəndaş müharibəsi uzandıqca bir çox diletant siyasi ekspertlər Bəşər Əsədin ondan daha güclü xarizmaya və nüfuza malik Mübarəkdən və Qəddafidən daha çox dirəniş göstərməsini müxtəlif amillərlə bağlayırdılar. Bu sırada diktatorun arxasında Çin, Rusiya və İran kimi böyük hərbi güclərin dayanmasını, ABŞ-ın başının prezident seçkilərinə qarışmasını, Avropanın isə iqtisadi böhran üzündən öz canının hayına qalması kimi arqumentləri sadalayaraq, Bəşər Əsədin bu qanlı çarpışmadan qalib çıxacağını da iddia edirdilər. Əslində Bəşər Əsədin bu qədər ayaqda qalmasında əsas məqam heç də onun arxasında kimin dayanıb-dayanmamasından və digər cəbhənin başının hansı problemlərə qarışması ilə birbaşa bağlı deyıldi. Sadalanan amillərin hər biri mövcud stiuasiyada ciddi əhəmiyyət daşısa da, Suriya böhranının bu qədər uzanmasının başlıca səbəbi əsas oyun?unun hələ ki düyməni basmaqda bir qədər ehtiyatlı davranaraq “gəlir-çıxarını” hesablamasıyla bağlıydı. Təbii ki söhbət ABŞ-dan və onun “vuran əli” NATO-dan gedir.
Sirr deyil ki, köhnə diktatorlarla daha “siyasət qurmağın” əl vermədiyini yaxşı anlayan, “ərəb baharı” şüarı ilə bu ölkələrdə xalq üsyanlarını “dövriyyəyə” buraxan ABŞ və əlaltıları növbəti hakimiyyətlərin də öz “şinellərindən çıxması” planının da üzərində əvvəlcədən işləmişdilər. Elə vaxtilə ən etibarlı müttəfiqlərindən sayılan Hüsnü Mübarəki laxladanda da ilk vaxtlar müxalifətin “əsas lideri” kimi köhnə “BMT-çi” Baradayini səhnəyə buraxmışdılar. Lakin hadisələrin sonrakı inkişafı tamamilə fərqli müstəvidə cərəyan etdi və Misirdə hakimiyyətə islamçı lider sahibləndi. Məhz bu səbəbdəndir ki, Misirdə hələ də daxili çaxnaşmalar səngimir.
Digər ölkələrdə də hakimiyyət dəyişikliyi ilə bağlı proseslər planlaşdırıldığı xətt üzrə getmədiyindən Qərb Suriyada daha ehtiyatlı davranmağa qərar verdi və bu ölkədə gələcəkdə hansı qüvvələrlə “əməkdaşlıq edəcəyi” aydınlaşana kimi bu başıbəlalı ölkədə vətəndaş müharibəsi bu qədər uzandı. Uzun müddət Türkiyənin ərəb inqilablarına təsirini də lokallaşdırmağa çalışan Qərb nəhayət ki, Ankaranın iştirakı olmadan Yaxın Şərqdə heç bir hüzura sahib ola bilməyəcəyini də anladı. Nəhayət Suriya müxalifətçilərini bir araya gətirib ərəb ölkələri liqasında onu bu ölkənin yeganə rəsmi təmsilçi kimi tanıdandan sonra ilk addım kimi ən yaxın müttəfiqi olan İsraillə Türkiyə arasında iki ildən bəri davam edən diplomatik böhrana “çözüm” tapdı. Təbii ki, köhnə “dostlar” arasındakı bu qarşıdurmanın aradan qaldırılmasında gələcəkdə İranla bağlı planların da dayandığını unutmaq olmaz. Suriyaya gəlincə isə, bundan sonra artıq hadisələrin əvvəlki müstəvidə cərəyan etməyəcəyi göz qabağındadır. Yəni, artıq Bəşərin məhşəri başlayıb. Onun öldürüləcəyi, yaxud hansısa ölkəyə qaçacağı, bəlkə də qaçırılacağı çox yaxın zamanın məsələsidir.