Modern.az

Azərbaycan xalçası - qanadlı diplomatiya

Azərbaycan xalçası - qanadlı diplomatiya

Aktual

4 Aprel 2013, 12:00

2010-cu ilin noyabr ayında Heydər Əliyev Fondu, Azərbaycanın Böyük Britaniyadakı Səfirliyi və “Baku” jurnalının birgə təşkilatçılığı ilə Londonda Azərbaycan xalçalarının “Azərbaycan xalçaları ilə nağıllar aləminə” adlı sərgisi keçirildi. Sərgiyə bu adın təsadüfi, yaxud bəlağət naminə verildiyini iddia etmək bəsit düşüncə olardı. Çünki xalça sözü Azərbaycan təfəkküründə sadəcə bəzək əşyası deyil, həm də hava nəqliyyatıdır. Yəni antik yunan mifologiyasında Günəşin şüalarından yanmış İkarın uçmaq istəyi qədim Şərqdə xalça vasitəsilə gerçəkləşib. Uçan xalçayla. Bu gün Azərbaycan xalçası – qanadlı diplomatiyadır.

Ümumiyyətlə, 1949-cu ildə aparılan arxeoloji axtarışlar zamanı tapılan xalça nümunəsi bu sənət növünün ən azı 2500 illik tarixə malik olduğunu təsdiqləyib. Tədqiqatların nəticəsi göstərib ki, “Pazırık” adlanan bu xalça məhz türk dünyasına məxsus olan xalça növüdür.

İpək Yolu üzərində olan dövlətlərdə xalça sənəti geniş yayılıb. Dünya mədəniyyətinin şah əsərləri sırasında Azərbaycan xalçasının isə öz yeri var. Bu milli sərvətimiz və sənət növümüz beynəlxalq səviyyədə qəbul olunub. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın səyləri sayəsində Azərbaycan xalçasının YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi ölkənin böyük uğuru kimi qəbul olunur.

Dənizkənarı Milli Parkın ərazisində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi binasının inşası tamamlanmaq üzrədir. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və YUNESKO-nun birgə layihəsi əsasında inşa olunan muzey binası, ilk növbədə, milli-memarlıq ənənələrinə görə fərqlənəcək. Çox qeyri-adi bir forma – “bükülmüş xalça” muzeyin memarlıq quruluşunun əsasında dayanmaqla binanın orijinallığını təşkil edəcəkdir.

Azərbaycan mədəniyyətinin qədim qollarından biri olan xalçaçılıq sənətinin Quba, Abşeron, Şirvan, Gəncə, Qazax, Qarabağ və digər xalçaçılıq məktəbləri mövcuddur. Və hər dəfə beynəlxalq sərgilərdə də yer alan Qarabağ xalçaçılıq məktəbinin nümunələri Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha hamının diqqətinə çatdırır.

Xalça sənəti Azərbaycanın çox fərqli bir milli sərvətidir. Bu sənət növü bütövlükdə dünyamızı özündə əks etdirərək, Azərbaycanın məxsusi dəyərlərini özündə cəmləşdirir. Heydər Əliyev Fondu tərəfindən “Azərbaycan xalçaları” kataloqu nəşr edilib Nəfis tərtibatla Azərbaycan ictimaiyyətinə təqdim olunmuş kataloqun birinci səhifəsi Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın “Xalçalar hər bir azərbaycanlı üçün həyatın ayrılmaz hissəsidir. Zənnimcə, qədim xalçalar muzeylərdə olmalıdır” sözləri ilə açılır.


Kataloqda Azərbaycan xalçaçılıq sənətinin inkişaf mərhələləri barədə yığcam məlumat verilib. Qeyd olunub ki, Azərbaycan xalçalarının ölkədən uzaqlarda tanınmasını XIV-XV əsrlərə aid Şərq miniatürləri və Avropa rəssamlarının əsərləri təsdiq edir. Orta əsr italyan, holland, flamand rəssamları – Hans Memlinq, Karlo Krivelli, Tomas de Keyzer öz əsərlərində Quba və Şirvan xalçalarını təsvir ediblər.

2011-ci ildə Heydər Əliyev Fondu Azərbaycan xalçaçılıq sənətindən bəhs edən “Azərbaycan xalçaları” kolleksiyasını nəşr edib. Kolleksiyaya broşür, 2 DVD və multimedia diski daxildir. Broşürdə Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri haqqında ümumi məlumat və hər məktəbə aid xalçaların şəkilləri yer alıb. Nəşrə daxil olan “Azərbaycan xalçaları” adlı DVD-də xalçaçılıq sənəti haqqında Heydər Əliyev Fondunun hazırladığı film təqdim olunur.

“Qarabağ inciləri” adlı multimedia diski Qarabağ xalçaçılıq məktəbinə həsr edilib. Diskdə Qarabağın tarixi, burada xalçaçılığın təşəkkülü, onun inkişaf mərhələləri, səciyyəvi xüsusiyyətləri haqqında ətraflı məlumat verilir.

“Azərbaycan xalçaları” fransız, ingilis, rus, alman, italyan dillərində nəşr edilib. 

Heydər Əliyev Fondunun dəstəyi ilə “Azər-İlmə” MMC yaradılıb. Hələ 1996-cı ildən fəaliyyətə başlayan bu müəssisənin məhsulları ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya və Rusiyada keçirilən satış-sərgilərdə xüsusi mükafatlara layiq görülüb. Naxışların incəliyi və yüksək sıxlığı, tərtibatın orijinallığı ilə seçilən xalçaların istehsal prosesi bütün beynəlxalq standartlara cavab verir. İplər ancaq təbii rənglərlə boyanır, eskizlər milli naxış və çeşnilərdən götürülür. Müəssisədə toxunmuş “Şeyx Səfi” xalısı əsli Londonda saxlanılan və Təbriz xalçaçılıq məktəbinə aid olan 37 kvadratmetrlik “Şeyx Səfi” xalısına 9,25 milyon ilmə vurulub.

Bundan başqa, “Azərbaycan xalçaları. Qarabağ qrupu” kitabı artıq rus və ingilis dillərində də nəşr olunub.

Sirr deyil ki, Azərbaycan xalçasına qarşı güclü təbliğat aparan ermənilər milli-mənəvi dəyərlərimizin, sənətimizin oğurlanması bir adətə çevrilib. Heydər Əliyev Fondunun dəstəyi ilə bu layihənin növbəti kitabı üzərində iş aparılır və növbəti kitab – “İrəvan xalçaları” bu əssasız iddialara tutarlı cavab olacaq.

Pərvin Arzuqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan