Azərbaycan Milli Məclisinin deputatı Fuad Muradov Şirvan şəhərində gənclərlə görüşüb. Şəhər gəncləri ilə keçirilən görüş zamanı son günlər cəmiyyətdə baş verən proseslər, gənclərin ictimai həyatda fəallığı, bir sıra qruplar tərəfindən gəncliyin dövlət əleyhinə istifadə olunması cəhdləri müzakirə olunub. F. Muradov bildirib ki, ölkə gənclərinin böyük potensialı var və bu qüvvə Azərbaycanın inkişafına yönəldilməlidir. Prezident İlham Əliyevin gənclərə xüsusi diqqətini vurğulayan deputat bunun üçün dövlət başçısının son illər bu istiqamətdə atdığı addımları diqqətə çatıdırb. Prezidentin bu istiqamətdə imzaladığı fərmanları xatırladan F.Muradov onların sosial problemlərinin həlli üçün yaxşı imkanlar açdığını qeyd edib. Gənclərin siyasi oyunlarda alət kimi istifadə cəhdlərinin yolverilməz olduğunu deyən deputat bildirib ki, müəyyən qruplar buna can atırlar. “ Bütün bu cəhdlər heç bir nəticə verməyəcək. Ölkə gəncləri prezident İlham Əliyevin onlara yönəlmiş diqqətini öz fəaliyyətlərində hiss edirlər”.
Bu gün ölkəmizdə sağlam ruhlu gənclər ordusunun formalaşdığını deyən deputat qeyd edib ki, Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, dövlətçiliyin möhkəmlənməsində gənclərin üzərinə böyük iş düşür: "Azərbaycan torpaqları hələ də işğal altındadır. Ona görə də, gənclərimiz ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinə hər an hazır olmalıdırlar."
Fuad Muradov bildirib ki, ölkəmizdə gənclər cəmiyyətin aparıcı qüvvəsindən biridir. Onun sözlərinə görə, hazırda gənc nəsil müstəqilliyimizin, sabitliyin və inkişafın güclü dəstəkçisidir: “Gənclərimiz cəmiyyətin həyatında, bütün sahələrdə fəallıq göstərirlər. Səmimi şəraitdə keçən görüş zamanı Şirvan gəncləri öz rəy və təkliflərini səsləndiriblər.

Modern.az