Prezident Əliyevin Soçiyə səfəri çərçivəsində keçirdiyi ikitərəfli və üçtərəfli görüşlərin nəticəsi Azərbaycanın öz mövqeyini və prinsiplərini sona qədər müdafiə etmək əzmində olduğunu bir daha təsdiqlədi. Dövlətimizin başçısının Qarabağ münaqişəsinin artıq tarixə qovuşduğunu, münaqişənin iki il öncə, Azərbaycan Ordusunun qələbəsi ilə həll olunduğunu vurğulaması, Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi ilə bağlı aparılan və aparılacaq müzakirələrin praktik müstəvidə həyata keçirilməsi vacib olan istiqamətlərini tərəflərin diqqətinə çatdırmaqla, siyasi və geosiyasi manipulyasiyaların heç bir təsir gücünə malik olmadığını bir daha diqqətə çatdırdı.
Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.
Deputat qeyd edib ki, iki il öncə imzalanmış üçtərəfli Bəyannamə ilə uzun illər boyu davam edən və Azərbaycan ərazilərinin 30 ilə yaxın işğal altında saxlanılmasına səbəb olan münaqişə başa çatıb və həllini tapmış məsələlərin yenidən gündəmə gətirilməsi cəhdlərinin heç bir perspektivi yoxdur: “Məlum olduğu kimi rəsmi Bakı Azərbaycan-Ermənistan münasibətlərin normallaşmasının gələcəyini müəyyən edəcək 5 təməl prinsip irəli sürüb və normallaşmaya yalnız beynəlxalq hüququn fundamental əsaslarını təşkil edən prinsiplər əsasında nail olmaq mümkündür. Bu aspektdən artıq geriyə doğru uğursuz cəhdlərə vaxt sərf etməyin heç bir anlamı yoxdur və Azərbaycan belə cəhdlərin prosesə süni əngəllər yaratmasına imkan verməyəcək”.
Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 31 oktyabr 2022-ci il tarixli Bəyanatına diqqət çəkən millət vəkili qeyd edib ki, sözügedən sənəddə normallaşma prosesi ilə bağlı önəmli prinsiplərə sadiqliyin nümayiş etdirilməsi Cənubi Qafqazda davamlı sülhün əldə edilməsi baxımından əhəmiyyətlidir:
“Bəyanatda sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinin vurğulanması Ermənistan tərəfinin kommunikasiyaların açılması ilə bağlı sərgilədiyi bütün davranışların heç bir təsir gücünə malik olmadığını nümayiş etdirir və rəsmi İrəvana öz öhdəliklərini yerinə yetirməyin vacibliyini xatırladır. Yekun bəyanatda növbəti dəfə BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə istinad edilməsi, suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınmasının vacibliyinin vurğulanması Azərbaycanın növbəti diplomatik uğuru sayıla bilər”.