Modern.az

Müstəqil Azərbaycanın inkişafında önəmli tarix - 12 noyabr 

Müstəqil Azərbaycanın inkişafında önəmli tarix - 12 noyabr 

Aktual

12 Noyabr 2022, 18:05

27 il bundan əvvəl xalqımızın inkişafı naminə müasir, müstəqil, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi reallaşdıran, Azərbaycanın müasir tarixində müstəqillik, suverenlik, demokratiya kimi mühüm dəyərlərin əbədi və dönməz olduğunu bəyan edən Konstitusiya qəbul edildi. Ulu öndər Heydər Əliyev vurğulayırdı:“Bizim yeni Konstitusiyamız, şübhəsiz ki, birinci növbədə, Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir”.

 

Qeyd edək ki,1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunmuşdu. 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncu Konstitusiyası qəbul olunub.

 

Burada Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biridir. Ulu öndərin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada verildi: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”.  Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın ilk Konstitusiyası hazırlandı və 1995-ci il noyabrın 12-də referendumda xalqımız tərəfindən qəbul edildi.

 

Müstəqil dövlətin yeni Konstitusiyasının hazırlanması Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri oldu. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.


Azərbaycan Konstitusiyası fundamental bir sənəd kimi demokratik inkişaf, hüquqi dövlətçilik və insan haqları sahəsində mütərəqqi dünya təcrübəsinin başlıca nailiyyətlərini özündə əks etdirir. Konstitusiyanın qəbulu yalnız yeni ictimai sistemin hüquqi tanınmasını təsdiq edən fakt deyil, ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi idi. Bu mərhələ isə ilk növbədə siyasi sistemin mərkəzində insanın və vətəndaşın, onun hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideallarının durması ilə səciyyələnir. Əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini reallaşdıran hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını gerçəkləşdirmək kimi nailiyyətlər təsbit edildi.


Müstəqillik dövrünün Konstitusiyası müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir. Qürurverici haldır ki, xalqımız Əsas Qanunun qəbulunun 27-ci ildönümünü qalib xalq kimi ikiqat sevinc hissi ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Qələbənin qazanılması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqinə imkan yaradıb. Bu Qələbə sayəsində 30 ilə yaxın müddətdən sonra beynəlxalq hüququn prinsip və tələbləri yerinə yetirilib və işğaldan azad edilmiş ərazilərdə Konstitusiyanın hüquqi qüvvəsi təmin olunub. Bu gün Azərbaycan müstəqil və qalib dövlət kimi Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, tarixi nailiyyətlər qazanır. Konstitusiyamız isə ölkəmizin hüquqi dövlət kimi demokratiya yolunda əmin addımla irəliləməsinə dayanıqlı zəmin yaradır, milli tərəqqinin hüquqi əsaslarını təşkil edir.

 

Pərvin Kərimzadə 

Milli Məclisin deputatı

 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?