Ermənistan parlamentinin “Mənim şərəfim var” və “Hayastan” müxalifət bloklarının deputatları uzunmüddətli boykotdan sonra qanunverici orqanda fəaliyyətlərini bərpa ediblər.
Modern.az xəbər verir ki, bu haqda "Hayastan" blokunu təmsil edən deputat Aqvan Vardanyan yerli mətbuata bildirib.
"Biz buradayıq və siz bu faktla barışmalısınız. Bu, Ermənistanın Milli Məclisidir və biz vətəndaşların seçilmiş nümayəndələriyik. Bura sizin mülkünüz deyil", - müxalifətçi deputat iqtidara ünvanladığı mesajda qeyd edib.
Onun sözlərinə görə, müxalifət hakimiyyətin destruktiv siyasətinə qarşı küçə mübarizəsinə başladığı üçün uzun müddət qanunverici orqanın iclaslarını boykot edib. İndi küçə mübarizəsində fasilə yaranıb və müxalifət öz gündəmi ilə parlamentə gəlib.
Aqvan Vardanyan indiki şəraitdə hakimiyyətin dövlətçiliyə təhlükə yaratdığını vurğulayıb.
"Mövcud hökumət dövründə Ermənistan və “Artsax”ın gələcəyi yoxdur, erməni xalqının da gələcəyi yoxdur. Biz dağıdıcı prosesin geri dönməz olmasının qarşısını almaq üçün buradayıq", - Vardanyan bildirib.
Xatırladaq ki, 2022-ci ilin aprelindən Milli Məclisin müxalifətdəki “Mənim şərəfim var” və “Hayastan” fraksiyaları parlamentin iclaslarını boykot edib. Onlar uzun müddət baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçiriblər.