Modern.az

İlham Əliyevin siyasəti Vaşinqtonun rəğbətini qazanıb - SƏFİR

İlham Əliyevin siyasəti Vaşinqtonun rəğbətini qazanıb - SƏFİR

Aktual

15 Noyabr 2022, 17:00

Prezident İlham Əliyev başda olmaqla Azərbaycan rəhbərliyinin yürütdüyü müstəqil siyasət Amerika Birləşmiş Ştatlarının rəğbətini qazanır.

 

Modern.az xəbər verir ki, Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim bu fikirləri “Rasim Babayev ilə müasir söhbət” adlı müəllif yutub-kanalına məxsusi müsahibəsində söyləyib.

 

“Azərbaycan ilə ABŞ arasında münasibətlər strateji xarakter daşıyır. Biz ciddi siyasi dialoq aparırıq. Bu dialoq davam edəcək və daha intensiv şəkildə inkişaf edəcək. Cari ildə biz Azərbaycan ilə ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Bu dövrdə bütün sahələrə – siyasət, energetika, iqtisadiyyat, mədəniyyət, təhsil, müdafiə, beynəlxalq məsələlərə dair ciddi dialoq formalaşıb” - diplomat vurğulayıb.

 

Xəzər İbrahimin sözlərinə görə, son illərdə Azərbaycan ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil inkişaf yolunda çox böyük uğurlar qazanıb: “Azərbaycanın xarici siyasəti, təhlükəsizlik, müdafiə, iqtisadi siyasət, enerji siyasəti həmişə sadəcə çoxşaxəli deyil, mütləq mənada müstəqil siyasət olub. Bu, həm Azərbaycan üçün, həm də bizim tərəfdaşlarımız üçün çox mühüm amildir və bu baxımdan, ABŞ da istisna deyil”.

 

Diplomat vurğulayıb ki, ABŞ “real müstəqil olan ölkələrlə münasibət qurmaq” arzusunda olan dövlətlər sırasına daxildir:

 

“Birləşmiş Ştatlar praktiki qarşılıqlı münasibətlərə real olaraq müəyyən təsir göstərə biləcək dövlətlərlə münasibət qurmaq istəyir. Bu halda bütün regional məsələlər barəsində hansısa ayrıca məqamı fərqləndirmək istəməzdim. Bütün bu məsələlərə dair tərəfdaşlıq mövcuddur. Son 30 ildə bu tərəfdaşlıq çox dərin kök salıb. Onun çox güclü praktiki məqamları var. Burada məsələ sadəcə müəyyən bəyanatlar verməkdən ibarət deyil”.

 

Səfirin fikrincə, əsas məsələ ABŞ ilə Azərbaycanın qarşılıqlı fəaliyyət göstərməyə nə dərəcədə qabil olmasıdır.

 

“Bəli, biz bunu bacarırıq. Bəli, biz bunu artıq təsdiqləmişik. Bəli, biz vaxtilə birlikdə Əfqanıstana kömək etməyə çalışmışıq. Bəli, biz birlikdə öz silahlı qüvvələrimizi qarşılıqlı uyğunlaşdırmağa çalışmışıq ki, həm sülhməramlı əməliyyatlar, həm də qarşılıqlı fəaliyyət maksimum səmərəli olsun.

 

Biz regionun təhlükəsiz olması üçün praktiki olaraq bütün istiqamətlər üzrə təhlükəsizlik məsələlərinə dair əməkdaşlıq edirik. Çalışırıq ki, qlobal təhlükəsizlik sistemi də fəaliyyət göstərsin. Əməkdaşlığımızın üçüncü hissəsi, təbii ki, mənim qeyd etdiyim məqamla bağlıdır. Bu, Azərbaycanın real müstəqil siyasətidir və təbii ki, bu siyasət Vaşinqtonun rəğbətini qazanır”, - deyə diplomat qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?