Noyabrın 16-na keçən gecə İstanbulun Fatih səmtində baş verən yanğına bir deyil, bir neçə partlayış səbəb olub və bu, insanlarda təşviş yaradıb.
Modern.az xəbər verir ki, bu barədə “Yeni Akit” qəzeti yazıb.
Nəşrin məlumatına görə, yanğın naməlum səbəbdən bir avtomobildə başlayıb və qonşu avtomobillərə keçib. Ümumilikdə 6 avtomobilə ziyan dəyib.
Hadisənin baş verdiyi Kocamustafa Paşa küçəsi şəhərin əsas görməli yerlərinin - Ayasofya və Göy Məscidin yerləşdiyi Sultanəhməd meydanından beş kilometr aralıda yerləşir.
“Sabah” qəzetinin məlumatına görə, yanğına səbəb avtomobilin texniki nasazlığı olub.
Bildirilir ki, yanğını törədən avtomobilin sahibi Kocamustafa Paşa küçəsi ilə hərəkət edərkən maşının tüstülənməyə başladığını görüb. O, yolun kənarında dayanıb və kömək üçün ətrafındakılara üz tutub.
Az sonra avtomobil yanıb. Yanğın yaxınlıqdakı avtomobillərə keçib, hadisə yerinə yaxın bina və bankomat da yanıb. Bu zaman avtomobillərdən birinin partlaması yanğın nəticəsində baş verib.
Xilasetmə briqadaları yanğına qısa zamanda müdaxilə etsə də, avtomobilləri bürüyən güclü alov çətinliklə söndürülüb. İlkin məlumata görə, xəsarət alan olmayıb.
Qəzet yazır ki, hadisə yerinə gələn polis terror aktı və ya yanğına işarə edən heç bir dəlil tapmayıb.
Gecə saatlarında baş verən partlayış İstanbulda bir həftə ərzində ikinci partlayış olub. Noyabrın 13-də İstiqlal küçəsində terror aktı baş verib. 6 nəfər ölüb, 81 nəfər yaralanıb.
Türkiyə hakimiyyəti partlayışa görə kürd yaraqlılarını günahlandırıb. Saxlanılan Suriya vətəndaşı Əhlam Əlbəşir dindirilərkən etiraf edib ki, onu Kürdüstan Fəhlə Partiyası (PKK) cəlb edib. Bundan əlavə, o, ABŞ ordusunun dərs dediyi kəşfiyyat məktəbində təhsil alıb.