Modern.az

İran Azərbaycana qarşı bütün sərhədləri keçdi - Deputat

İran Azərbaycana qarşı bütün sərhədləri keçdi - Deputat

Aktual

16 Noyabr 2022, 09:43

“Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra hər zaman İranla münasibətlərin qorunmasına çalışdı. İran tərəfi isə davamlı olaraq Azərbaycanı ittiham etməyə, ərazi iddiaları irəli sürməyə, ölkəmizdə casus şəbəkəsi yaratmağa çalışdı”.


Bunu Modern.az-a açıqlamasında İran-Azərbaycan gərginliyini şərh edən deputat Ceyhun Məmmədov deyib.


“2020-ci ildə Vətən Müharibəsində qələbədən sonra Prezident İlham Əliyev Cəbrayıla səfəri zamanı əlini Xudafərin körpüsünə uzadaraq, bu körpüyə Azərbaycanın dostluq körpüsü kimi baxdığını bildirdi. Bu əslində İrana mesaj idi ki, biz sizinlə dostluqda və əlaqələrin inkişafında maraqlıyıq. Bu günə kimi nə etmişiniz onun cavabını özünüz verəcəksiniz. Ancaq gəlin, bu gündən sonra dost olaq, əlaqələrimizi bu istiqamətdə inkişaf etdirək.
 

Bəs İran nə etdi? İran bu təklifə Azərbaycan-İran sərhədində hərbi təlimlər keçməklə, səfiri Ermənistan-Azərbaycan sərhədinə gedərək oradan Azərbaycan tərəfə baxmaqla, Ermənistana silah verməklə, öz mediasında Azərbaycanın ünvanına hədyanlar və ittihamlar yağdırmaqla, ölkəmizdə casus şəbəkəsinin əhatə dairəsini genişləndirməklə cavab verdi. Hətta bir az da irəli gedərək, “Zəngəzur dəhlizi”nin açılmasının İran üçün “qırmızı xətt” olduğunu bildirdi”.
 

Deputatın sözlərinə görə, İranın bu addımlarından və təxribatlarından sonra Azərbaycanın başqa yolu qalmadı:


"Azərbaycan nə etməli idi? Heç bir reaksiya verməməli idi? İranın Ermənistanı Azərbaycan əleyhinə dəstəkləməsinə göz yummalı idi?
 

İranın bu davarnışlarına onun təxribatyönümlü addımlarından sonra sərt reaksiya verməyin zamanı gəlmişdi. Çünki İran bütün sərhədləri keçmişdi.
 

Əgər İran istəmirsə ki Azərbaycan bu reaksiyanı verməsin, onda Azərbaycan əleyhinə təxribatlara son qoysun, İran ərazisində Azərbaycan əleyhinə təbliğat aparan qrupların fəaliyyətini, ideoloji təbliğatı dayandırsın, Azərbaycan tərəfindən axtarışda olan cinayətkarları Azərbaycana təhvil versin”.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?