Modern.az

Vitse-spikerdən iranlı deputatlara cavab: “Tarixin yaralarına toxunmayın” 

Vitse-spikerdən iranlı deputatlara cavab: “Tarixin yaralarına toxunmayın” 

Aktual

16 Noyabr 2022, 14:56

Azərbaycanın Zəfər savaşından sonra bölgədə Türkiyə-Azərbaycan ittifaqının söz sahibinə çevrilməsi, Türk Dövlətləri Təşkilatının yeni beynəlxalq güc mərkəzi kimi ortaya çıxması antitürk qüvvələri hərəkətə gətirib. Təəssüflər olsun ki, bu sırada Qərbin bəzi xristian dövlətləri ilə yanaşı, adını İslam respublikası qoyan cənub qonşumuz İran da yer alıb. Minlərlə müsəlmanı qətlə yetirən, məscidləri murdarlayan erməni hökuməti ilə can bir qardaşlıq nümayiş etdirən Tehranın parlament üzvləri etdikləri əməllərdən xəcalət çəkmək əvəzinə, bu günlərdə tamam əndazəni aşaraq sərsəm bəyanatlar səsləndirib.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Fəzail İbrahimli söyləyib.

 

Parlament sədrinin müavini deyib: “Bir qrup iranlı deputat Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının 9-cu Sammitində Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların dil hüquqları haqqında fikirlərindən narahat olub. Onlar Azərbaycan Prezidentinə Azərbaycan Respublikasının İranın bir hissəsi olduğunu, şimali Azərbaycan ərazisinin Gülüstan müqaviləsinə əsasən İrandan ayrıldığını xatırladıb. Fars dilində tarixi səhv edən bu mandat sahibləri siyasi normaları da pozub. Həmin şəxslərə xatırladıram ki, bu müqavilələr nəticəsində 50 milyonluq Azərbaycan türkü ikiyə bölünüb. Siz bu müqavilələrin adlarını xatırlatmaqla güneydə yaşayan 30 milyonluq xalqın hisslərinə toxunursunuz. Həm Gülüstan, həm də Türkmənçay müqaviləsi imzalanandan sonra bir neçə dəfə ləğv olunub. 1921-ci ildə sovet Rusiyası çar Rusiyasının imzaladığı bütün müqavilələrin birtərəfli qaydada ləğv olunduğunu elan edib. Bundan başqa, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bu müqavilə ləğv olundu və İran Azərbaycanın ərazisi ilə bir yerdə onun varlığını tanıdı. Yeri gəlmişkən, 1919-cu ildə Paris sülh konfransında İran torpaq iddiası ilə çıxış edib və Avropalılar bu iddianı dilinə gətirən İran nümayəndəsini otaqdan qovub. Təbii ki, o müqavilə çoxdandır tarixi hadisəyə çevrilib. Ona görə də bu gün o haqda danışmaq siyasi hoqqabazlıqdır və yalnız daxili auditoriya üçün təbliğati əhəmiyyəti ola bilər. Şimali Azərbaycan, yəni, indiki Azərbaycan Respublikasının vətəndaşları da Türkmənçay və ya Gülüstan müqavilələrini tarixin zorakı olayı kimi xatırlayır və unutmur. Çünki bu müqavilə ilə parçalanan bizim vətənimizdir. Tarix bütün həqiqətləri öz yerinə qoyan ən böyük hakimdir. Şimali Azərbaycan öz müqəddəratını çoxdan müəyyən edib. Güney Azərbaycanda yaşayan soydaşlarımız da “Haray, haray, mən türkəm” deyərək, iranlı olmadığını bildirir və milli kimliyini dünyaya bəyan edir. Amma İran deyilən bir zindanda olmağı heç farslar özləri də istəmir və bu gün İranda baş verənlər də bunun təsdiqidir”.

 

Fəzail İbrahimli daha sonra bildirib: “Azərbaycan Prezidentinin fikirləri tam yerində və vaxtında söylənilən bəyanat idi. Bir necə il əvvəl Prezident İlham Əliyev “mən təkcə Azərbaycan Respublikasında yaşayan xalqın yox, bütün dünyada yaşayan 50 milyon azərbaycanlının prezidentiyəm” demişdi. Hazırkı dövrə kimi harada yaşamasından asılı olmayaraq, öz vətəndaşlarının hüquqlarını qorumaq, təhlükəsizliyini təmin etmək üçün qarşısında duran vəzifələri yerinə yetirən Azərbaycan dövləti bundan sonra dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi, təhlükəsizliyinin təmin olunması, milli kimliyini qorunub saxlanması vəzifəsini icra etməyə hazır olduğunu bəyan edir. Yeri gəlmişkən, Güney Azərbaycanın bütün şəhərlərində Azərbaycan Prezidenti İlham Əliyevin fotosu olan və üzərinə "Güney Azərbaycan arxanızdadır, cənab prezident!" yazılmış plakatlar divarlara vurulub. Bu millətin ruhunun, ideyasının və liderinin bir olduğunun təsdiqləyir!”.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?