Modern.az

Binəqədidə qış mövsümünə hazırlıq gedir

Binəqədidə qış mövsümünə hazırlıq gedir

Aktual

16 Noyabr 2022, 15:20

Binəqədi rayonunda 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlığın yekunu, qış aylarında Rayon İcra Hakimiyyətinin, təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrə həsr olunmuş iclas keçirilib.

 

Modern.az xəbər verir ki, iclasda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, RİH başçısının müavinləri, Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə İş şöbəsinin müdiri Anar Tağıyev, Bakı Şəhər İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Ayaz Hüseynov, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Rafael Mehrəliyev, RİH başçısı Aparatının şöbə müdirləri, Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanov, rayonun idarə, müəssisə  rəhbərləri iştirak ediblər.

 

Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev 2022-2023-cu ilin payız-qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər haqqında geniş məlumat verərək, qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində Qərərgah üzvlərinin, rayonun ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağını, yaranan çatışmamazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüləcəyini bildirib.

 

Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanov çıxış edərək qeyd etmişdir ki, əsas, köməkçi məhəllədaxili yolların, səkilərin vaxtında qardan təmizlənməsi üçün cavabdeh təşkilatlar müəyyənləşdirilib, rayon MKTB-nin tabeliyində olan xüsusi texnikalar saz vəziyyətə gətirilib, inventar, qum və duz tədarükü görülüb, işçilər arasında xüsusi iş qrafiki  və növbətçilik təsdiq olunub.

 

Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri - Anar Tağıyev, Ayaz Hüseynov, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Rafael Mehrəliyev çıxış edərək şəhər təsərrüfatının payız-qış mövsümündə normal fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini,  bütün təsərrüfat subyektlərində  qışa hazırlığa dair təxirəsalınmaz tədbirlərin görülməsi barədə tövsiyyə və tapşırıqları nəzərə çatdırdılar və bu işlərin şəhər üzrə yaradılmış Qərərgah tərəfindən koordinasiya olunduğunu bildiriblər.

 

İclasın sonunda rayon təsərrüfatının 2022-2023-cu ilin payız-qış mövsümünə hazırlığın yekununun vəziyyəti ilə əlaqədar müzakirələr və fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı  məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?