Müşahidələr göstərir ki, adətən media orqanları öz ölkələrinin maraqlarını önə çıxarır və mənafelərini müdafiə edir. Bəziləri bu siyasəti açıq-aşkar, bəziləri isə daha incə cizgilər üzərindən həyata keçirir. Ekspertlər bu gün Amerika və Avropa mərkəzli olmağı, Ermənistanın işğalçılıq siyasətinə, müharibə cinayətlərinə “göz yummağı”, çoxsəsli olmaqdan qaçmağı xarici medianın ortaq özəlliyi kimi qiymətləndirir.
Mövzunun Azərbaycanla bağlı tərəflərinin diqqətlə incələnməsi göstərir ki, nifrət duyğusu ilə bəslənən erməni lobbisi yalanları “modern silaha” çevirib və bu “silahlar” ABŞ-da, Avropa ölkələrində Azərbaycanla bağlı həqiqətlərin geniş yayılmasına hər vəhclə əngəl törədir.
Bu mövzunu təhlil edərkən bir neçə aspekti diqqətə almağa ehtiyac var.
Müxtəlif siyasi dairələrin və qrupların dəstəklədiyi mediaya güvənin olmadığı, obyektivlik tutumunun azaldığı şəraitdə ölkəmizin hüdudlarından kənarda yaşayan və beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında açar rolunu oynayan soydaşlarımızın məsuliyyət yükü bir qədər də artır. Belə mürəkkəb vəziyyətdə xaricdəki Azərbaycan icmaları yaşadıqları cəmiyyətlərə, xüsusilə nüfuzlu təşkilatlara və şəxslərə davamlı olaraq həqiqi informasiyanı çatdırmalı, həm də onları inandırmalıdır.
Mövzunun dugər bir aspekti yerli media ilə bağlıdır. Diaspor işi olduqca mürəkkəb, hər ölkənin qaydalarına uyğun şəkillənən bir hərəkatdır. Diasporun zamanla yumşaq gücə çevrilməsini göz önünə gətirərək, onun daxili mətbuat tərəfindən də dəstəklənməsinin nə qədər əhəmiyyətli olduğunu unutmaq olmaz. Media və hər kəsin əlçatanlığının təmin olunduğu sosial media Azərbaycan diasporunun modern mübarizə sistemində yerini düzgün qiymətləndirməli və uğurlarını gözardı etməməlidir. Media əvvəldə də qeyd etdiyimiz kimi öz ölkəsinin maraqlarını önə çıxarmalı və mənafeyini müdafiə etməlidir. Bu, ölkəmizin beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsinin qollarından, ədalət mübarizəmizə təsir edən önəmli faktlardan biridir. Həm də yaddan çıxmamalıdır ki, medianın işi, necə deyərlər, qaranlıq otaqda işıq yandırmaq və həqiqətə güzgü tutmaqdır. Bu məqamı ona görə qabartmağa ehtiyac var ki, Azərbaycanda fəaliyyət göstərən səfirliklər, xarici diplomatik nümayəndəliklər üçün etibarlı informasiya mənbəyi həm də yerli mediadır. Azərbaycan mediası bu məqamı diqqətdə saxlamalı, xaricdəki icmalarımızın təşkilatlanmasını və lobbiçilik işini, xarici ekspert, jurnalist və tarixçilərin mütəmadi olaraq ölkəmizə gəlmələrini, Azərbaycanla bağlı həqiqətləri beynəlxalq informasiya platformalarına çıxarmalarını geniş işıqlandırmalı, sonda səfirliklər vasitəsilə həqiqətin xaricə “sızması”na vasitəçi olmalıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayındakı çıxışından bir tövsiyyəni xatırlatmaq yerinə düşər:”Bizim xaricdə yaşayan gənc azərbaycanlılarımız həm İkinci Qarabağ müharibəsinin tarixini yaxşı bilməlidir, həm də bu həqiqətləri öz dostlarına çatdırmalıdırlar. Yəni, bir sözlə, xaricdə yaşayan azərbaycanlılar böyük qüvvədir. Onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir. Onların fəallığı və Azərbaycan həqiqətlərinin çatdırılması, Azərbaycan maraqlarının müdafiə edilməsi, əlbəttə ki, bizim dövlətimizi daha da gücləndirir”.
Bu tövsiyyələr xaricdəki icmalarımız üçün həm də fəaliyyət planıdır.
Qeyd olunmalıdır ki, son illər Azərbaycanın dostlarının taleyüklü məsələlərimizi daim diqqət mərkəzində saxlaması, haqq səslərini ucaltmaları və mətbuat orqanlarındakı obyektiv, fakt dolu çıxışları məhz xaricdəki icmalarımızın səmərəli fəaliyyətinin, çoxistiqamətli işlərinin nəticəsidir.
Diasporumuz istər Azərbaycan torpaları işğal altında olanda, istər 44 günlük vətən müharibəsi dövründə, istərsə də Azərbaycan Ordusunun şanlı qələbəsindən sonra aktuallıq kəsb edən məsələlərlə, eləcə də son dövrlərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində törətdiyi hərbi təxribatlarla bağlı müxtəlif səpkili tədbirlər keçirir, dünyanın diqqətini ölkəmizə çəkməyə, xarici ölkə vətəndaşlarını dolğun şəkildə məlumatlandırmağa çalışır, həm birbaşa, həm də həqiqətə yaxın olan, həqiqəti görən insanların vasitəsilə xarici mediaya çıxmağa can atırlar.
Xaricdəki diaspor təşkilatlarımız, ayrı-ayrı soydaşlarımız Azərbaycan həqiqətlərini əks etdirən bəyanatları dünya birliyinə, beynəlxalq təşkilatlara, yerli parlamentlərə, hökümətlərə ünvanlayır, ölkəmizin haqq səsini eşitdirmək, ədalətin bərpasına və törətdiyi müharibə cinayətlərinə görə Ermənistanın cəzalandırılmasına nail olmaq üçün bütün cəhdləri edirlər.
Nəticə budur ki, Azərbaycan diasporunun lobbiçilik, təsir göstərmə və səsini eşitdirmə sahəsində ciddi uğurları var və bunlar artıq diasporun bugünkü iş prinsipinə çevrilib. Son illər xaricdə yaşayan, böyük elmi potensiala malik olan alimlərimizin, iş adamlarımızın, yüksək intellektual gənclərimizin daha da fəallaşması, ana vətəni ilə bağlarını möhkəmləndirməsi, xarici siyasi dairələrin diqqətini daim Azərbaycana yönəltməsi, xaricdə mərkəzi fiqurlar olan şəxslərlə əlaqələr qurması, onları məlumatlandırması balansın xeyrimizə dəyişməsinə xeyli təkan verib. Xaricdə yaşayan azərbaycanlılar siyasi yetkinlik nümayiş etdirərək, arqumentlərimizə qarşı çıxan insanlarla müzakirələr apararaq onların əleyhdarlığının güclənməsinə deyil, baxışlarımızı bölüşən nüfuzlu insanların tərəfdarlığının artırılmasına xidmət edirlər.
Bir çox xarici ekspertlərin Azərbaycanla bağlı mövzulara rəy bildirmələri, doğru analizlərin aparılması üçün mühüm addımlar atmaları, haqq səsimizin dünya birliyinə çatdırılmasına vəsitəçi olmaları xaricdəki icmalarımızın səmərəli işinin nəticəsidir. Bu, Azərbaycana dost münasibəti bəsləyən insanların sayının artdığının əyani sübutudur.
Yəhudi diasporunun, lobbiçiliyinin dünyada ən güclülərdən olması danılmaz faktdır və dünyadakı nüfuzlu yəhudilərin Azərbaycan mövzusunu daim diqqətdə saxlaması olduqca müsbət haldır. Bu xüsusda İsrailin sabitq Rabitə, kibertəhlükəsizlik və peyk naziri Ayyub Karanın beynəlxalq tədbirlərdə və mediada Azərbaycan həqiqətlərini davamlı olaraq diqqət mərkəzinə çəkməsi, İsrail, eləcə də ABŞ mediasında işıqlandırması, öz mövqeyini İsrail cəmiyyəti, həm də xaricdəki yəhudi diasporu ilə bölüşməsi böyük əhəmiyyət kəsb edir. Xüsusilə işğaldan azad edilmiş torpaqlarımıza səfərindən sonra Ayyub Karanın öz gözləri ilə gördüyü, şahidi olduğu erməni valdalizminin izləri, işğaldan azad edilmiş bölgələrdə aparılan bərpa-quruculuq işləri barədə təssüratlarını geniş kütlə ilə bölüşməsi Azərbaycanın haqq səsinin beynəlxalq müstəvidə eşidilməsi istiqamətində təqdirəlayiq addımdır.
Azərbaycanın haqqlı mövqeyini mütəmadi işıqlandıranlardan biri də tanınmış israilli politoloq, jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamdır. Reyçel Avrahamın müəllifliyi ilə İsrailin və ABŞ-ın xəbər portallarında yayılan məqalələrin əksəriyyətində Azərbaycanın multikultural, tolerant və çoxkonfessiyalı bir ölkə olması ilə yanaşı, uzun illər dünya birliyinin ikili standartlarına məruz qalması, dağıdan, məhv edən yox, qurub-yaradan insanların vətəni olması oxucuların diqqətinə çatdırılır. Reyçel Avraham son məqalələrinin birində erməni separatçılarının Edillidə törətdikləri vəhşiliyə xüsusi diqqət çəkib.
Edillidə kütləvi məzarlığın tapılmasını Əlcəzairin Əl-Hərir xəbər portalının direktoru Abdelkhader Kehlil, Əl-Əxbar Əl Məsai qəzetinin və Əxbar-əl Yorum portalının əməkdaşı Ayman Abdolmonem Ahmed Habana da geniş işıqlandırılıb.
50-70 min erməninin yaşadığı Braziliyada Azərbaycanın səsinə səs verən yerli jurnalist Andreia Hirominin həqiqətlərimiz barədə məqaləsi dərc olunub. “Qarabağda basdırılmış cəsədlərdə işgəncə izləri aşkarlanıb” sərlövhəli məqalə ermənilərin insanlıq əleyhinə yönəlmiş hərəkətlərinin dünyaya bəyan edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Andreia Hirominin qələmə aldığı məqalədə birinci Qarabağ müharibəsi dövründə Ermənistan tərəfindən Azərbaycan hərbçilərinin işgəncə verilərək qətlə yetirilməsi Cenevrə Konvensiyasının, beynəlxalq hüquq və humanitar normaların kobudcasına pozulması kimi səciyyələndirilib. Ermənistanın indiyə qədər 4000-dək azərbaycanlının taleyi və kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırdığına, öz hərbi cinayətlərini gizlətməyə çalışdığına diqqət cəlb edilib.
Braziliyalı jurnalist Fabiana Seyhanın müxtəlif mətbuat orqanlarında, sosial şəbəkələrdə Azərbaycanla bağlı dəqiq, qərəzsiz məlumatları çatdırması, ölkəmizdəki multikultural dəyərlərlə bağlı videomateriallar hazırlaması beynəlxalq ictimaiyyətin məlumatlandırılması üçün əvəzsiz addımdır. Jurnalistin Azərbaycana səfəri, Qarabağda baş verənləri daha yaxından izləməsi, fakt və hadisələri obyektiv qiymətləndirməsi davamlı və ardıcıl fəaliyyətinin əsasını təşkil edir.
Bu günə qədər saysız-hesabsız xarici ekspert, nüfuzlu şəxs ölkəmizə səfər edib və mövcud vəziyyətlə, Ermənistanın işğalçılıq siyasəti, müharibə cinayətləri, minlərlə müki şəxsin, o cümlədən azyaşlıların amansızlıqla qətlə yetirilməsi faktı ilə tanış olublar. Yuxarıda da qeyd etdiyimiz kimi onlar həqiqətin dünya ictimaiyyətinə çatdırılması üçün addımlar atmağa başlayıblar. Əslində bu yazı Azərbaycanın, dolayısıyla ədalətin tərəfində olan onlarla xarici ekspertin fəaliyyətinin cüzi bir hissəsini əhatə edir.
Və qənaət budur ki, Azərbaycan diasporunun ölkəmizin müasir tarixini dərindən öyrənməsi, Azərbaycan prezidentinin çağırışlarına cavab verməsi, çoxşaxəli peşəkar işi, bir çox xarici ekspert, tarixçi və jurnalistin ölkəmizə səfərlərinin təşkili, onların faktlara, hadisələrə obyektiv yanaşmaları son illər dünya ictimaiyyətinin daha dolğun şəkildə məlumatlandırılmasına güclü təkan verib.
Bu faktlar bizi həm də belə düşünməyə yönəldir ki, həqiqətin yanında olan xaricilərin fəaliyyəti Azərbaycan mediasının nəinki diqqətində olmalı, onların gündəmindən düşməməlidir.
Haqqında danışdığımız xarici jurnalist və ekspertlərin beynəlxalq media orqanlarında Azərbaycanla bağlı obyektiv fəaliyyətini aşağıdakı linklərdə izləmək olar.
//foreignpolicyblogs.com/2022/10/07/mass-grave-uncovered-in-edilli/
//rayetmisr.com
//alharir.info
//azerination.com.br/azeri-nation-press-brazil/publicacao/2099358/encontrados-sinais-de-tortura-nos-corpos-enterrados-em-karabakh
//youtu.be/S4OrSZ5Gh_A
//brasiliainfoco.com/o-multiculturalismo-no-azerbaijao-e-seus-varios-aspectos/
//youtu.be/6mr5YWYUAgk
//omundodiplomatico.com.br/o-multiculturalismo-no-azerbaijao-e-seus-varios-aspectos/