Gürcüstan Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması üçün vasitəçi rolunu davam etməyə hazırdır.
Modern.az xəbər verir ki, bunu cümə axşamı Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili erməni həmkarı Alen Simonyanla keçirdiyi brifinqdə deyib.
"Gürcüstan Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq nümunəsinə çevrilməsi üçün Ermənistan və Azərbaycan arasında vasitəçi kimi davam etməyə hazırdır", - Papuaşvili deyib.
O, ümidvar olduğunu bildirib ki, Qafqaz xalqları ən çətin anlarda belə öz müdrikliyi və əməkdaşlığı ilə sülhsevər gələcək qura biləcəklərini ilk növbədə gənc nəsillərə göstərə biləcəklər.
Xatırladaq ki, Simonyan Tbilisiyə çərşənbə günü, noyabrın 16-da gedib. Ermənistan parlamentinin sədri artıq Gürcüstanın baş naziri İrakli Qaribaşvili və xarici işlər naziri İlya Darçiaşvili ilə görüşüb.