Azərbaycan Respublikası nəhayət İsraildə səfirlik açmağa qərar verib, Fələstində isə təmsilçilik ofisimiz yaradılacaq.
Modern.az-ın məlumatına görə, Milli Məclis İsraildə səfirlik, Fələstində (Ramallah şəhəri) isə təmsilçilik açılmasına razılıq verib.
Politoloq Elxan Şahinoğlu rəsmi Bakının həm İsrail, həm də Fələstinlə bağlı qərarını müsbət qiymətləndirərək bunu balansın qorunması kimi şərh edib:
“Azərbaycanın həm İsraillə, həm də Fələstinlə tərəfdaşlıq münasibətləri mövcuddur. Rəsmi Bakının İsraildə səfirlik açmaq qərarını Tehranın Azərbaycana qarşı artan təxribatları da sürətləndirdi. Rəsmi Bakının İsraildə səfirlik açmaq qərarına qonşu ölkənin siyasətçiləri və dindarları yenə təxribatçı açıqlamalarla reaksiya verəcəklər. Cavabımız sadədədir: “Hansı ölkədə səfirlik açmaq məsələsi Azərbaycanın daxili işidir”. Necə ki, rəsmi Bakı İranın Qafanda konsulluq açılması qərarına qarışmadı, halbuki, bu birbaşa Azərbaycan əleyhinə atılmış addım idi, eləcə də Tehranın Azərbaycanın İsraildə səfirlik açmasına qarışma hüququ yoxdur”.