Gəncə Dövlət Universitetində “ASAN xidmət” Mərkəzlərində könüllülük fəaliyyətinin təbliği ilə bağlı tədbir keçirilib.
Modern.az xəbər verir ki, tədbirdən öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqilik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) haqqında məlumat verib, könüllülük fəaliyyətinin həyata keçirilməsi, mövcud imkanlar barədə söhbət açıb.
Tədbirdə iştirak edən 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzinin əməkdaşı Elnur Şabanzadə bildirib ki, “ASAN xidmət” Mərkəzlərində könüllülərə bilik, ilkin əmək vərdişləri və dövlət orqanının işi ilə yaxından tanış olmaq şansı verilir, gənclərin dövlət qulluğu tərbiyəsinə yiyələnmələrinə köməklik göstərilir.
Tədbirdə GDU-nun tələbələrinin “ASAN xidmət” mərkəzlərində könüllülük fəaliyyətinin həyata keçirilməsi üçün ilkin müraciətləri də qəbul edilib.