Modern.az

Yollarda keçən ömür - Hidayət Rüstəmovun 70 illik yubileyinə təbrik

Yollarda keçən ömür - Hidayət Rüstəmovun 70 illik yubileyinə təbrik

Aktual

26 Noyabr 2022, 11:15

Haqlı olaraq deyirlər ki, yol mədəniyyətdir,  hər bir xalqın mədəniyyəti yoldan başlayır. Yol həm də iqtisadiyyat və həyat deməkdir. İnsanda xoş ovqat yaradan səliqəli, rahat yollar hər bir ölkənin inkişafını, tərəqqisini, iqtisadi gücünü göstərən əsas amillərdən biridir.  
 

Yol həm də geniş məna kəsb edən böyük məfhumdur. Həyat yolu, yaradıcılıq yolu və nəhayət, ömür yolu... Elə bu yazımızda da maraqlı bir ömür yolundan – həyatının 70 illik zirvəsinə qədəm qoymuş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri İdarəsinin rəis müavini, Əməkdar mühəndis, cənnət Qarabağımzın fəxarət ünvanı olan Cavanşirlər nəslinin ləyaqətli nümayəndəsi Hidayət Rüstəmovun xalqımız üçün dəyərli,  məhz yollarda keçmiş ömür  yolundan söhbət açacağıq.     
 

Hidayət Rüstəmov 27 noyabr 1952-ci ildə  Ağcabədi rayonunda anadan olub. 1969-cu ildə Şuşa şəhərində Ü.Hacıbəyov adına 1 nömrəli orta məktəbi bitirərək, həmin il Azərbaycan Politexnik İnstitutuna  daxil olub və   Nəqliyyat fakültəsində “Avtomobil yollarının tikintisi” ixtisası üzrə ali təhsil alıb.
 

Ali məktəbi bitirdikdən sonra gənc mütəxəssis kimi 1974-cü ildə Bakı şəhər İcraiyyə Komitəsinin “Xüsusiləşdirilmiş Yol təmiri və tikintisi” Trestində mühəndis kimi əmək fəaliyyətinə başlayıb. 1975-ci ildə həmin trestin istehsalat-texniki şöbəsinin rəis müavini, 1977-ci ildən isə həmin şöbənin rəisi, 1990-cu ildə Bakı şəhər İcraiyyə Komitəsinin “Yol Təmir-Tikinti” Baş İstehsalat İdarəsinin baş mühəndisi,  2000-ci ildə  “Yoltəmirtikinti ” Baş istehsalat idarəsi rəisinin müavini vəzifəsinə irəli çəkilib.
 

Hidayət Rüstəmov 2001-ci ildə “Yoltəmirtikinti” Baş istehsalat idarəsinin bazasında “Bakı Yoltikintiservis” Açıq Səhmdar Cəmiyyəti yaradılarkən yeni yaradılmış qurumun İstehsalat-Texniki şöbəsinə rəis, 2004-cü ildə  Açıq Səhmdar Cəmiyyətinin Baş mühəndisi vəzifəsinə təyin edilib.  
 

Sonrakı illərdə də Hidayət Rüstəmov peşəkarlığı, məsuliyyəti nəzərə alınaraq zaman-zaman vəzifə pillələrində irəliləyib. O, artıq neçə illərdir ki,  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri İdarəsinin  rəis müavini kimi məsul vəzifədə çalışır.
 

Hidayət Rüstəmov  uzun illərdir ki, tutduğu irili-xırdalı  vəzifələrdə gərgin əməyi ilə iz qoyub.  Ötən onilliklərdə metro tikintisi ilə əlaqədar inşa edilən “Bakı soveti” (indiki “İçəri Şəhər”), “Sahil”, “28 may”, “Ulduz”, “Nərimanov”, “Nizami”, “Elmlər Akademiyası”, “Həzi Aslanov” və s. stansiyalarında yerüstü yolların yenidən qurulmasında, meydançaların asfalt örtüklərinin tikilməsində Hidayət Rüstəmov  yaxından iştirak edib. Bakı şəhərinin “Əhmədli”, “Günəşli” kimi yaşayış massivlərində bütün magistral yolların tikilməsində, həmçinin “Gülüstan” sarayına gedən mürəkkəb relyefdən keçən dolama yolun çəkilməsində, N.Nərimanovun,   R.Zorgenin, M.Müşfiqin və digər görkəmli şəxsiyyətlərin heykəllərinin ətrafının abadlaşdırılmasında böyük əmək sərf edib. Hidayət Rüstəmov   Bakı şəhərində iki böyük qəsəbəni – 8-ci kilometrlə Əhmədli qəsəbəsini,  Əhmədli qəsəbəsi ilə  və Günəşli qəsəbəsini birləşdirən yolların çəkilməsində, Zabrat-Maştağa yolunun yenidən qurulmasında, Heydər Əliyev Hava Limanında uzunluğu 19 km olan 6 zolaqlı sement-beton örtüklü yeni yolun tikintisində, Nobel və Zığ şosesinin yenidən qurulmasında, Ziya Bünyadov prospektinin və s. tikintisində yaxından iştirak edib.
 

 Ümummilli liderimiz Heydər Əliyevin, həmçinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin  vətəndaşlarımızın firavan həyatı naminə avtomobil yollarının, körpülərin, tunellərin və digər yol qurğularının tikilməsinə, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasına, bütöblükdə  avtomobil yolu təsərrüfatı sahəsinə   diqqət və qayğı göstərməsinə Hidayət Rüstəmov  daim əməli işləri ilə töhfələr verib. Onun avtomobil yolu təsərrüfatı sahəsindəki gərgin əməyi dövlətimiz tərəfindən yüksək dəyərləndirilib. Hidayət Rüstəmova  Azərbaycanda nəqliyyat-yol infrastrukturunun inkişafındakı xidmətlərinə görə 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamla “Əməkdar Mühəndis” fəxri adı verilib.
 

Uzun illər Hidayət Rüstəmovun da qəlbi yağmalanmış Qarabağ üçün sızıldayıb.  Cavanşirlər nəslindən olan ulularının əmanət qoyduğu Şuşanın taleyi 30 ilə yaxın bir zaman kəsiyində Hidayət Rüstəmovun da  bütün varlığını sarsıdıb. Hər bir Azərbaycan vətəndaşı kimi, Hidayət Rüstəmov  da əmin olub ki,  müqəddəs ziyarətgahları,  azan səsinə həsrət qalmış məscidlərimiz, musiqi səslərinə möhtac qalmış bərli-bərəkətli torpaqlarımız tezliklə azad ediləcək.   
 

Bəli, Hidayət Rüstəmov yanılmayıb. 27 sentyabr 2020-ci il tarixdən başlayaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün sürən hərbi əməliyyatlar nəticəsində  müzəffər Azərbaycan Ordusu  işğal olunmuş ərazilərimizi, o cümlədən Qarabağın tacı sayılan Şuşa şəhərini düşmən tapdağından   azad edib. Zəfər dolu tarixi günlər Hidayət Rüstəmova  da Azərbaycan xalqı ilə birgə böyük coşğu ilə möhtəşəm qələbənin sevincini yaşadıb. Nəhayət, onun ən böyük arzularından biri reallaşıb. Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2020 tarixli Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncamı Hidayət Rüstəmovun əziz Şuşasına yol çəkmək arzularına işıq yandırıb. İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün tapşırıqlarına uyğun olaraq Şuşa şəhərinə yeni avtomobil yolunun – Zəfər yolunun, həmçinin işğaldan azad olunmuş digər bölgələrə də yol çəkilməsində  Hidayət Rüstəmov  gərgin əmək sərf  edib.
 

…Əməkdar mühəndis Hidayət Rüstəmov xalq, vətən üçün mənalı və şərəfli bir ömür yaşayaraq  həyatının 70 illik zirvəsindədir. Xoşbəxtliyini, səadətini vətənə, xalqa ləyaqətlə xidmətdə görən Cavanşirlər nəslinin zəhmətsevər övladı bu gün də insanlara rahat və təhlükəsiz yollar bəxş etməsi, Azərbaycanda yol infrastrukturunun bundan sonra da beynəlxalq tələblər səviyyəsində qurulması, beynəlxalq əlaqələri daha da genişləndirən yolların istifadəyə verilməsi üçün  bütün qüvvəsi, zəngün təcrübəsi, biliyi, həyatsevərliyi və nəhayət tükənməz vətən sevgisi ilə səfərbərdir.
 

70 illik yubileyi münasibətilə Hidayət müəllimi təbrik edir, yollarımızı rəvan edən əməkdar mühəndisə bu gündən sonrakı fəaliyyətində də uğurlar diləyirik.           


Hikmət Xudiyev (Cəmilzadə),
Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru,
istefada olan polkovnik

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?