2022-ci ilin 10 ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 235 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 580 kq 051,668 qr və 35540 ədəd həb, 2048 ədəd kapsul, 1470 qr MDA və 110 ml müxtəlif növ narkotik vasitə və psixotrop maddə çıxarılıb.
Modern.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2022-ci ilin yanvar-oktyabr aylarının yekununa dair hesabatda bildirilib.
Hesabata görə, ümumilikdə, aşkar edilmiş cinayətlərin 324-ü qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən 1 ton 870 kq 056,294 qr və 9548 həb narkotik vasitə və psixotrop maddə müsadirə edilib.
Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 532,683 hektar sahədən çəkisi 172 ton 753 kq 608,85 qr olan 381 528 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitki müəyyən olunaraq müvafiq qaydada məhv edilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə cari ilin 5-6 may tarixində məhkəmələrin qərarları ilə müsadirə olunmuş 2 ton 402 kiloqram müxtəlif növ narkotik vasitə, 215 kq psixotrop maddə və onların prekursorları və 28697 ədəd çətənə bitkisinin məhv edilməsi prosesi həyata keçirilib.