Modern.az

Şəhidin xatirəsi doğulduğu kənddə anılıb - FOTOLAR

Şəhidin xatirəsi doğulduğu kənddə anılıb - FOTOLAR

Aktual

29 Noyabr 2022, 13:04

Vətənin müdafiəsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda həyatını qurban vermiş hər bir şəhidin xatirəsi bizim üçün əziz və unudulmazdır. Respublikamızın bütün bölgələrində şəhidlərin anım mərasimləri təşkil olunur və bu tədbirlər ictimaiyyətin xüsusi diqqət mərkəzindədir.

 

Modern.az xəbər verir ki, noyabrın 16-da Ucar rayonunun Qazyan kəndindəki “Yeni Həyat” sarayında Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəhid hərbi qulluqçusu gizir Ələkbərov Vüqar Telman oğlunun anadan olduğu gün münasibətilə anım mərasimi keçirilib. Mərasimdə şəhidin ailə üzvləri, digər şəhidlərin doğmaları, Vüqarın silahdaşları, veteranlar, Ucar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının rəhbər şəxsləri, rayonda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, aidiyyəti dövlət qurumlarının təmsilçiləri, polis əməkdaşları, ictimaiyyət nümayəndələri, məktəblilər, kənd sakinləri iştirak ediblər.

 

Tədbir iştirakçıları tərəfindən şəhidin məzarı ziyarət olunaraq üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

 

“Yeni Həyat” sarayında təşkil olunan mərasimdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Çıxış edən şəhidin valideynləri övladlarının gənclərə örnək olan müsbət şəxsi keyfiyyətlərindən, ürəyində Vətən sevgisi, düşmənə nifrət hissi ilə mərdlik göstərərək torpaqlarımızın işğaldan azad olunması üçün ləyaqətlə döyüşməsindən, bütün el-obanın onunla qürur duymasından danışıblar.

 

Vüqarın silahdaşları öz çıxışlarında onun şərəfli döyüş yolu barədə xatirələrini bölüşüblər, onlar 44 günlük Vətən müharibəsində qələbəmizin Müzəffər Ali Baş Komandanın sərkərdə qüdrəti sayəsində, habelə şəhidlərin və qazilərin qanı bahasına qazanıldığını vurğulayıblar.

 

Digər çıxışlarda da Müzəffər Ordumuzun döyüş meydanında öz rəşadəti ilə tarix yazdığı, möhtəşəm hərbi zəfərimizi gerçəyə çevirən şəhidlərimizin və qazilərimizin fədakarlığı nəzərə çatdırılıb.

 

Mərasimə gələn qonaqlar üçün çay süfrəsi açılıb, şəhid hərbi qulluqçumuzun anadan olmasının 28-ci ildönümü münasibətilə hazırlanmış tort kəsilib.

 

Qeyd edək ki, Azərbaycan Respub-likası Prezidentinin müvafiq sərəncamları ilə gizir V.Ələkbərov torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlər zamanı şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?