Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli barəsində həbsli axtarışla bağlı qərar ləğv olunub.
Modern.az xəbər verir ki, bu barədə APA-ya Gültəkin Hacıbəylinin vəkili Bəhruz Bayramov bildirib.
O deyib ki, Gültəkin Hacıbəyli Nəsimi rayon Məhkəməsinə gətirilib və sərbəst buraxılıb:
“Ondan xüsusi ittiham qaydasında şikayət edən Leyla Arif adlı şəxsdir. Leyla Arif sosial şəbəkə hesabında Gültəkin Hacıbəylinin ona böhtan atdığını bildirib və barəsində şikayət verib”.
Gültəkin Hacıbəyli ölkədə olmadığına görə, onun barəsində həbsli axtarış elan olunub. Hazırda dayandırılmış icraat yenilənib və hakim Elməddin Hüseynovun icraatında olan iş üzrə məhkəmə prosesi dekabrın 8-nə təyin edilib.
***
Bakı hava limanında Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq polisə təhvil verilən Gültəkin Hacıbəyli Nəsimi Rayon Məhkəməsinə gətirilib.
Modern.az xəbər verir ki, onun ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
***
09:39
Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin saxlanıldığı barədə məlumat yayılıb.
Modern.az xəbər verir ki, onun ötən gecə xaricdən ölkəyə qayıdarkən Bakı hava limanında saxlanıldığı bildirilir.
Milli Şura üzvləri bildiriblər ki, G.Hacıbayli barəsində xüsusi ittiham qaydasında cinayət işi başlanılıb, özünün isə bundan xəbəri olmayıb. Belə ki, ötən ay G.Hacıbəylidən Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə şikayət olunub.
Məlum olub ki, G.Hacıbəyli Nəsimi Rayon Məhkəməsi tərəfindən axtarışa verilibmiş.
Hazırda G.Hacıbəylinin Nəsimi Rayon Polis idarəsində olduğu, məhkəməyə təqdim olunacağı bildirilir.