Yeni Azərbaycan Partiyası (YAP) prezident seçkilərində namizədliyini irəli sürdüyü prezident İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını bölgələrdə davam etdirir. Modern.az-ın məlumatına görə, növbəti belə görüş Lənkəran kənd seçki dairəsindən deputat seçilmiş, Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri, YAP-ın təbliğat-təşviqat qrupunun üzvü Hadı Rəcəblinin iştirakı ilə bu gün rayonun Gərmətürk, Aşağı Nüvədi, Kərgəlan və Nüvəsər kənd sakinləri ilə keçirilib. Hadı Rəcəbli YAP-ın prezidentliyə namizədi İlham Əliyevin ölkəmiz və Lənkəran üçün gördüyü işlərdən danışıb, onun alternativsiz lider olduğunu bildirib.
Komitə sədri qeyd edib ki, 10 illik prezidentliyi dövründə İlham Əliyev Azərbaycanı dünyanın öndə gedən, qlobal layihələrə imza atan ölkəsi kimi tanıda bilib: "Bu gün bizim ordumuz çox güclüdür. İnanın ki, hər hansı kənar bir dövlətin müdaxiləsi olmasa, Azərbaycan ordusu 3 gün ərzində bütün işğal altında olan torpaqlarımızı geri qaytarmağa qadirdir. Bir müddət əvvəl dünyanın super güclərindən olan Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycana səfər etdi. Bu, əslində Rusiyanın İlham Əliyevi dəstəkləməsi demək idi. Hazırda Şimali Afrika və Yaxın Şərq ölkələrində insanlar böyük əziyyət çəkir, orada heç kim sabah başlarına nə gələcəyini bilmir. Amma biz azərbaycanlılar isə sakit, firavan həyat sürürük və hər gün daha da inkişafa doğru addımlayırıq. Mən də, bu nailiyyətlərin gələcək də bu cür davam etməsi üçün, sizləri 9 oktyabrda seçki məntəqələrinə gəlib gələcəyimizin qarantı İlham Əliyevə səs verməyə çağırıram".
Tədbirdə çıxış edən kənd ziyalısı və ağsaqqalı Asif Rzayev bildirib ki, onlar 20 il bundan əvvəlki Azərbaycanı və o zaman baş verən hərc-mərcliyi unutmayıblar: "20 il bundan əvvəl baş verənlər, ölkəni bürüyən xaos, anarxiya heç kimin yadından çıxmayıb. O dövrkü Azərbaycanla bugünkü Azərbaycanı heç cür müqayisə etmək mümkün deyil. Həqiqətən də, hazırkı Azərbaycan 20 il kimi qısa bir müddətdə böyük inkişaf yolu keçib. Bunların isə memarı Ulu öndər Heydər Əliyev və onun özü qədər inandığı, layiqli davamçısı İlham Əliyevdir. Sizi tam arxayın edirəm ki, biz hamılıqla inkişafımız, gələcəyimiz naminə İlham Əliyevə səs verəcəyik".
Daha sonra çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Kamal Kələntərli qeyd edib ki, İlham Əliyev özünün prezident kimi bölgələrə səfərlərini prioritet istiqamətlərindən birinə çevirib və vaxtaşırı olaraq əyalətlərə səfər etməklə xalqla həmrəyliyini nümayiş etdirir: "Onun regionlara hər səfəri bir neçə obyekt və müəssisənin açılışı ilə müşayiət olunur. Bu isə yüzlərlə yeni iş yerinin açılışı deməkdir. Biz də görülən işlərin davamlı olması üçün yalnız və yalnız İlham Əliyevə səs verəcəyik".



Modern.az