Bərdə rayonunda prezidentliyə namizəd İqbal Ağazadənin təbliğat-təşviqat lövhələrinə vurulmuş seçki plakatları cırılır. Bu haqda məlumatı partiyanın mətbuat xidmətinə prezidentliyə namizəd İqbal Ağazadənin Seçki Qərargahının sədri Taleh Əliyev bildirib.
T. Əliyev məsələ ilə bağlı bunları deyib: “ Gecə bizim prezidentliyə namizədimiz İqbal Ağazadənin MSK-nın təbliğat-təşviqat üçün ayırdığı lövhələrə vurulmuş seçki plakatları cırılıb. Hadisə Bərdə şəhərində bir və beş saylı məktəbin qarşısında qarşısında baş verib. Hansı ki, həmin məktəblərdə seçki məntəqəsi yerləşir və orada daima növbətçi olur ”
Seçki Qərargahının sədri əlavə olaraq qeyd edib ki, digər namizədlərin seçki plakatlarının cırılmaması onu göstərir ki, namizədin təbliğat plakatlarının cırılması planlı şəkildə təşkil edilir və Ümid Partiyasının namizədi İqbal Ağazadəyə qarşı təxribatdır.
Qeyd edək ki, analoji hadisələr Göyçay və Gəncə şəhərində qeydə alınıb.
Modern.az