Gənclər və idman naziri Azad Rəhimov 21 sentyabr 2013-cü il tarixdə Sumqayıt şəhərində vətəndaşları qəbul edib. Modern.az xəbər verir ki, qəbulda Sumqayıt şəhərinin, Şamaxı, Abşeron, Xızı, və Qobustan rayonlarının sakinləri iştirak ediblər.
1 saylı Uşaq Gənclər İdman Məktəbinin binasında təşkil edilmiş qəbulda yuxarıda qeyd edilən şəhər və rayonlardan ümumilikdə 40-dan çox vətəndaş iştirak edib. Qəbula gələn vətəndaşlar əsasən, güzəştli ipoteka krediti, idman sahəsində fəxri ad almaq, rayonlarda gənclər mərkəzinin tikintisi, stadionların təmiri, idman bölmələrinin açılması, zalların və meydançaların tikintisi, mövcud zalların təmiri, idman avadanlıqları ilə təminat, gənclərlə iş sahəsində QHT yaradılmasına dəstək üçün, sahibkarlıq fəaliyyəti üçün güzəştli kredit almaq, işə düzəlmə, müalicə, təhsil haqqının ödənilməsi üçün maddi yardım istəyi və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər.
