Modern.az

Umud Rəhimoğlu BMT-nin sessiyasına qatılıb - FOTO

Umud Rəhimoğlu BMT-nin sessiyasına qatılıb - FOTO

Aktual

23 Sentyabr 2013, 15:16


Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu BMT-nin Nyu Yorkdakı baş qərargahında Dayanıqlı İnkişaf üzrə Komissiyanın 20-26 sentyabr tarixlərini əhatə edəcək “İrəliyə Doğru - Yüksək Səviyyəli Siyasi Forum”  mövzusuna həsr olunmuş sessiyasına qatılıb. Bununla o, Azərbaycandan olan ilk QHT təmsilçisi kimi 193 üzv dövlətin, həmçinin BMT nümayəndəliklərinin, hökumətlərarası qurumların, beynəlxalq təşkilatların, milli və yerli QHT-lərin təmsil olunduğu vətəndaş cəmiyyətinin əsas qruplarının üzvləri və digər maraqlı tərəflərlə birlikdə Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumda hökumətlərarası proseslərə qoşulub.

Toplantı zamanı BMT-nin Dayanıqlı İnkişaf naminə Yüksək Səviyyəli Siyasi Forumunun, Dayanıqlı İnkişaf üzrə Komissiyasının işini əvəz etməsi ilə bağlı qərar qəbul olunmuşdur. BMT-nin Dayanıqlı İnkişaf üzrə Komissiyası 20 ildir ki, inkişaf naminə dayanıqlı yanaşmaların yerinə yetirilməsinə rəhbərlik etmişdir. Komissiya və ya RİO+20 bu müddət ərzində davamlı inkişafın təmin edilməsində aydın praktiki tədbirləri özündə əks etdirən yekun siyasi sənədin qəbul olunmasına nail olmuşdur. Artıq Dayanıqlı İnkişaf Məqsədlərinin davam etdirilməsi üçün BMT-yə üzv dövlətlərin qərarı ilə Minilliyin İnkişaf Məqsədləri və 2015-ci ildən sonrakı inkişaf strategiyası çərçivəsində fəal proseslərə başlanılıb.

BAMF Yüksək Səviyyəli Siyasi Forumda qəbul olunması üçün təqdim edilən sosial, iqtisadi, ekoloji aspektləri özündə əks etdirən  yekun sənədin hazırlanmasında fəal rol oynamışdır.

Umud Rəhimoğlu çıxışı zamanı BAMF-ın keçirdiyi “Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionlarının Dayanıqlı İnkişaf prosesləri üzrə Bakı Seminarı” nın bu proseslərin bir hissəsi olduğuna görə fəxr hissi keçirdiyini və Azərbaycan hökumətinin, vətəndaş cəmiyyəti təşkilatlarının inkişaf strategiyasını əzmlə davam etdirdiyini qeyd edib. O, əlavə edib ki, bu, tarixi hadisə sayılan Yüksək Səviyyəli Siyasi Forumun bir hissəsi olmaqdan məmnundur: “Mən ümid edirəm ki, 2015-ci ildən sonrakı  Dayanıqlı İnkişaf Məqsədləri effektli həyata keçiriləcək və hökumətlə Dayanıqlı İnkişaf üzrə Komissiya arasındakı möhkəm tərəfdaşlıq nəticəsində Minilliyin İnkşaf Məqsədləri uğurla əldə ediləcək.”

Dayanıqlı İnkişafın əldə olunması məqsədi ilə BAMF tərəfdaşları ilə möhkəm əlaqələr qurur. BMT-nin İqtisadi və Sosial Şurasının xüsusi Məşvərətçi Statusunu əldə edəndən bəri BAMF BMT-nin sessiyalarında və yüksək səviyyəli tədbirlərində şifahi faktlar və siyasi bəyanatlar vasitəsilə iştirak edir. 

Qeyd edək ki, U.Rəhimoğlu Ermənistan və Azərbaycan arasındakı münaqişə kimi qlobal məsələlərin müzakirəsinin aparılacağı BMT-nin 68-ci Baş Assambleyanın növbəti gündə nəzərdə tutulan sessiyasında  iştirak edəcək.

Xatırladaq ki, bu Umud Rəhimoğlunun Dayanıqlı İnkişaf üzrə Komissiyanın Baş Assambleyasında artıq dördüncü iştirakıdır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı