Modern.az

Lerikə qaz borusu çəkilib, amma qazın özü yoxdur - Deputat və jurnalist danışır

Lerikə qaz borusu çəkilib, amma qazın özü yoxdur - Deputat və jurnalist danışır

Aktual

25 Sentyabr 2013, 10:09

Modern.az saytı “Rayonlardakı vəziyyət: Deputat və jurnalist danışır” layihəsini davam edir. Bu dəfə seçilən bölgə Lerik rayonudur. Bu bölgədə olan problemlər haqqında 78 saylı Lerik seçki dairəsindən seçilmiş deputat İqbal Məmmədov və əslən Lerikdən olan “Bakı-Xəbər” qəzetinin əməkdaşı Vidadi Ordahallı danışır.

İqbal Məmmədov deyir ki, elə bir bölgə yoxdur ki, orada problem olmasın, o cümlədən də Lerikdə. “Lerik dağ rayonu olduğu üçün orada bir sıra problemlərin olması normal haldır. Ancaq problemlərdən əvvəl görülən işlərdən də danışmaq lazımdır. Lerikdə bir sıra müəssisələr tikilir. Bəzi yollar var ki, onlar yenidən təmir olunur. Cənab prezidentin də Lerikə səfəri olub. O, Lerikdə olan dağılmış  yolların bərpası üçün 2 milyon manat vəsait ayırıb. Bu bölgədə olan əsas problem işsizliklə bağlıdır. Seçicilər də bununla bağlı müraciət edirlər. Mən də bacardığım qədər onlara köməklik göstərməyə çalışıram. Bundan başqa, bəzi kənd yolları var ki, onların yenidən bərpasına ehtiyac var. Rayonun bəzi yerlərinə qaz çəkilsə də, tamamilə qazlaşdırılma prosesi başa çatmayıb. Zamanla bu problemlərin hamısı öz həllini tapacaq”.

Jurnalist Vidadi Ordahallı isə Lerikin yollarından şikayətlənir. “Ucqar rayonlar üçün olan xarakterik problemlərdən biri yol problemidir. Lerikdə də yol bərbad vəziyyətdədir. Düzdür, 2005-ci ildə Lənkəran-Lerik yolu yenidən quruldu. Ancaq məsələ ondadır ki, 161 yaşayış məntəqəsi var ki, bunların arasında əlaqə pis vəziyyətdədir. Orada Əllivers-Əliabad yolu var ki, əksər kəndlər həmin yol vasitəsi ilə Bakıya çıxır. 80-ci illərdə təmir olunub. Payız, qış aylarında bu yolla getmək daha da çətinləşir. Əgər kimsə xəstələnirsə, təcili tibbi yardım çağırmaq olmur. Sanki icra qurumunda məqsədyönlü şəkildə Xanəgah adlı yolu dövlət proqramına salmırlar. Rayon rəhbərliyindəki bəzi şəxslər öz kəndlərinin qayğısına qalır. O hissələrə daha çox diqqət ayrılır. Halbuki kəndlərin çoxu Dırığ zonasındadır. Şikayət etdikdə isə qulaqardına vururlar. 2010-cu ildə İqbal Məmmədov deputat seçiləndə hər birimiz sevindik ki, ziyalıdır, xeyirxahdır, köməklik göstərəcək. Ancaq əvvəlki deputat Miri Qəmbərovdan fərqli olmadı.

Ordahal kəndinə 2008-ci ildə qaz çəkilib. Bütün evlərə sayğac da qoyulub. Ancaq bu günə qədər evlərə qaz verilməyib. Gərək normal infrastuktur olsun ki, sabah bir sahibkar gəlib hansısa müəssisə tiksin, rayonda miqrasiya baş alıb getməsin. Vəziyyət o yerə gəlib çatıb ki, bir neçə il əvvəl Dırığ zonasında yaşayan kəndlilər təşəbbüs qaldırılıb ki, Lerikdən ayrılıb ayrıca rayon olsun.

Bir sıra rayonlardaki kimi burada da işsizlik baş alıb gedir. Yeni iş yerlərinə ehtiyac var. Lerikin məktəblərində ixtisas müəllimləri olduqca azdır. Ədəbiyyat müəllimi coğrafiya fənnini tədris edir. Bu kimi hallar aradan qaldırılmalıdır”.

Ulduz İBRAHİMOVA 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı