Modern.az

Əli Əliyev yenidən Ali Məhkəməyə üz tutur

Əli Əliyev yenidən Ali Məhkəməyə üz tutur

Aktual

25 Sentyabr 2013, 12:37

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri, prezidentliyə namizədliyi irəli sürülmüş Əli Əliyevin Mərkəzi Seçki Komissiyasının (MSK) onun namizədliyinin qeydə alınmasından imtina haqqında qərarının ləğvinə dair iddiasına yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2013-cü il tarixli qərarı əsasında Ə.Əliyevin namizədliyinin müdafiəsi üçün toplanan və MSK-nın etibarsız hesab etdiyi seçici imzalarının yenidən yoxlanılması üçün təşkil olunan ekspertizanın rəyi açıqlanıb.

VİP-ə daxil olmuş ekspertiza rəyində Ə.Əliyevin namizədliyinin müdafiəsi üçün təqdim edilən və MSK-da etibarsız hesab olunmuş 6 592 seçici imzasından  yalnız  130-nun düzgünlüyü etiraf edilib.  

Bakı Apellyasiya Məhkəməsinin  hakimi Kəmalə Abiyevanın imzaladığı qərarda isə ekspertizanın  məlum rəyi əsas götürülərək, MSK-nın Ə.Əliyevin namizədliyinin qeydə alınmasından imtina edilməsi haqqında qərarı qüvvədə saxlanılıb.

VİP mətbuat xidməti bildirib ki, Ə.Əliyevin iddiası əsasında keçirilmiş məhkəmə prosesində təqdim olunan seçici imzalarının müstəqil ekspert qrupu tərəfindən yoxlanılması tələb olunsa da, Bakı Apellyasiya Məhkəməsi həmin imzaların yoxlanılmaq üçün  Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməsini  qərara alıb. .

”Qeyd edirik ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəhbəri həm də MSK-nın üzvü olan Fuad Cavadovdur və o, MSK-da Ə.Əliyevin namizədliyinin qeydə alınmasının əleyhinə səs verib.
Bu isə o deməkdir ki, F.Cavadovun rəhbəri olduğu həmin qurum bu məsələdə neytral deyil, maraqlı tərəf kimi çıxış edib və  onun tabeliyində çalışan mütəxəssislərin həyata keçirdiyi ekspertizanın nəticəsi əvvəldən məlum olmaqla yanaşı, obyektiv hesab edilə bilməz” –deyə VİP mətbuat xidməti bəyan edib.   

Haqqında danışılan qərara baxmayaraq, VİP Ə.Əliyevin namizədliyinin qeydə alınması üçün hüquq müstəvisində səylərini davam etdirəcək və bu çərçivədə Bakı Apellyasiya Məhkəməsinin son qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcək.

Modern.az


Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı