«TEFİ-Sodrujestvo»nun III beynəlxalq televiziya festivalı sentyabrın 20-dən 23-dək Odessada keçirilib. «MDB ölkələrinin teleefirində əyləncəli proqramların müasir formatları» mövzusunda keçirilən tədbirə tok-şou, realiti-şou, teleoyun, teleşou janrlarında çəkilmiş veriliş və proqramlar təqdim edilib. Bu il «RTA» (Rusiya Televiziya Akademiyası) Fonduna 50-dən artıq iş təqdim edilsə də, festivalın proqramına 12 ölkənin (Azərbaycan, Gürcüstan, Latviya, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Moldova, Özbəkistan, Tacikistan, Qırğızıstan, Ermənistan) 12 teleşirkətinin 12 işi daxil edilib.
Azərbaycan Televiziya və Radio Verilişləri QSC builki festivala «1001 sual» intellektual verilişi ilə qatılıb. Mixail Şvıdkoy, Cəmil Quliyev, İrina Petrovskaya, Dmitri Dibrov, Kiril Nabutov, Arina Şarapova, Sergey Bağırov, Mixail Şats, Eteri Leviyeva və Şahnaz Qəniyeva kimi tanınmış telemütəxəssislərin təmsil olunduğu Beynəlxalq Ekspertlər Şurası AzTV-nin «1001 sual» verilişini «TEFİ» diplomuna və mükafatına layiq görüb.