“Dostluq körpüsü” layihəsi çərçivəsində Ermənistanla ön cəbhə rayonu olan Tovuza səfər edən Azərbaycanın Əməkdar Artisti Aybəniz Haşımovanın rəhbərliyi ilə “Dostluq körpüsü” layihəsinin iştirakçıları olan Azərbaycan, Qazaxıstan, Tacikistan, Kubalı tanınmış sənətçilər Tovuza səfərləri çərçivəsində millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayevanın müşayiəti ilə Şəhidlər Xiyabanını ziyarət ediblər və onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdikləri soyqırımlar, vandalizm aktları, tarixi-mədəni abidələri və qəbiristanlıqları dağıtmaları barədə geniş məlumatlar verilib və Tovuz rayonunun ən çox şəhid verən rayonlardan biri olduğu bildirilib.
Daha sonra Azərbaycanın Əməkdar Artisti Aybəniz Haşımova, “Dostluq körpüsü” layihəsinin iştirakçıları olan Azərbaycan, Qazaxıstan, Tacikistan, Kubalı tanınmış sənətçilər Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov və rayonun millət vəkili Qənirə Paşayeva ilə görüşüblər. Görüşdə Tovuz rayonu, rayonda aparılan abadlıq-quruculuq işləri haqqında məlumat verilib. “Dostluq körpüsü” layihəsi iştirakçılarının təmsil etdikləri ölkələr ilə Azərbaycan arasında arasında dostluq-mədəniyyət əlaqələrinin inkişafında “Dostluq körpüsü” kimi layihələrin həyata keçirilməsinin önəmi vurğulanıb. “Dostluq körpüsü” layihəsi çərçivəsində Azərbaycana, Tovuza səfər etmələrindən məmnuniyyət duyduqlarını ifadə edən qonaqlar onlara göstərilən qonaqpırvırliyə görə təşəkkürlərini bildiriblər və “Dostluq körpüsü” kimi layihələrin ölkələrimiz arasındakı mədəni əlaqələrin daha da genişləndirilməsinə öz təhfəsini verəcəyinə inandıqlarını deyiblər.
Görüşün sonunda millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən xarici sənətçilərə onların təmsil etdikləri ölkələr ilə Azərbaycan arasında dostluq-mədəniyyət körpüsünün qurulmasına verdikləri töhfələrinə görə mükafat verilib və Azərbaycan mədəniyyətinə dair hədiyyələr təqdim olunub.
Daha sonra qonaqlar millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayevanın müşayiəti ilə Tovuzun tarixi yerləri, tarixi-mədəniyyət abidələri ilə yaxından tanış olublar. Uzaq Kubadan gəlmiş tanınmış sənətçi Emilia Moralesə aşıq musiqisinin beşiklərindən biri olan Tovuz rayonu adından nəfis hazırlanmış saz rayonun icra başçısı Tofiq Zeynalov və millət vəkili Qənirə Paşayeva tərəfindən hədiyyə olunub. Bu hədiyyədən hədsiz məmnun olan Emilia Morales bütün kubalıların bu sazı görməsi üçün Azərbaycan adından Kuba Milli Mədəniyyət Muzeyinə hədiyyə verəcəyini deyib. Azərbaycan musiqisinə heyran olduğunu deyən Emilia Morales bu dəyərli hədiyyə üçün təşəkkür edib.
Qeyd edək ki, “Dostluq körpüsü” layihəsi Azərbaycanın Əməkdar Artisti Aybəniz Haşımovanın təşəbbüsü və təşkilatçılığı, “12 MAY” şirkətinin sponsorluğu və təşkilatçılığı, millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.
Modern.az