Bir müddət öncə leykoz xəstəliyindən əziyyət çəkən tanınmış jurnalist Nicat Dağlar ölkə prezidenti İlham Əliyevin dəstəyi nəticəsində Almaniyada müalicə aldı. Həmkarımız indi özünü yaxşı hiss edir.
Sağlıq durumu normallaşan Nicat Dağlar bir neçə gündür ki, xəstəliyi dönəmində ona dəstək verən KİV-lərin redaksiyalarda olur.
Jurnalist bu gün də Modern.az saytının redaksiyasında qonaq olub. Kollektivlə görüşən həmkarımız onun vəziyyəti ilə bağlı informasiya dəstəyi göstərmiş həmkarlarına minnətdarlığını bildirib:
“Mən özümə borc bilirəm ki, dönə-dönə bu haqda deyim. Azərbaycan prezidentinin diqqəti sayəsində ayaq üstəyəm. Məni ağır vəziyyətdən, həyatımdan əlimi üzdüyüm vaxtda kəfənin içindən çıxardı. Həm cənab prezidentə, həm Azərbaycan mətbuatına, jurnalist dostlarıma təşəkkürümü bildirirəm. Mənə qayğı göstərdilər. Bunun sayəsində inam, əminlik tapdım ki, bu xəstəliyin öhdəsindən gələcəm. Modern.az portalı da həmin ağır durumumda mənə ciddi informasiya dəstəyi verdi. Çalışdı ki, cəmiyyət, ictimaiyyət bu məsələdən xəbərdar olsun. Çox sağ olun ki, varsınız. Sizin dəstəyiniz sayəsində bu gün sizinlə bir sıradayam.
Hələ Gürcüstana müayinəyə gedərkən hansı xəstəliyin daşıyıcısı olduğunu bildim və həkimlər də mənə yaxşı bir şey demədilər. O zaman həyatdan tam olaraq əlimi üzmüşdüm. Xəstəxanadan çıxdım. Uşaqlarım məni gözləyirdilər. Onlara yaxınlaşdım və qucaqladım. Düşünürdüm ki, bundan sonra övladlarım atasız böyüyəcəklər. Çünki inanmırdım ki, sağalmağım üçün tələb olunan vəsaiti düzəldə bilək. Bu gün isə uşaqlarımın arasındayam. Mənə bu yaxşılığı edənlərə Allah kömək olsun”.
Jurnalist Azərbaycan jurnalistlərin təzyiqə məruz qaldığı haqda fikirlərlə razılaşmayaraq deyib: “Mənim timsalımda hamı bunun əksini gördü. Dövlət, prezident jurnalistinə sahib çıxdı. Bu gün ölkədə fəaliyyət göstərən əksər KİV-lər məhz prezidentin qayğısı nəticəsində işıq üzü görür. Bunu kimsə dana bilməz. Ona görə də jurnalist həmkarlarımı bu məsələdə ehtiyatlı davranmağa çağırıram”.




Ulduz İBRAHİMOVA