“Sərkisyanın Avropa Şurası Parlament Assambleyasındakı çıxışı Ermənistanın həyasız mövqedə olduğunun göstəricisidir”. Bunu Modern.az-a Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib. O, Ermənistan prezidenti S. Sərkisyanın AŞPA-nın payız sessiyasında Azərbaycanla bağlı səsləndirdiyi fikrə münasibət bildirərkən qeyd edib ki, erməni dövlət başçısının müharibə və təhdid dolu mesajlar verməsini beynəlxalq təşkilatların qərəzli mövqeyi ilə də əlaqələndirib.
“Beynəlxalq qurumlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyri-obyektivlik nümayiş etdirir. Nə qədər ki, bu belə olacaq, Ermənistan da sərsəm bəyanatlarla çıxış edəcək və Azərbaycana qarşı hədə-qorxu gələcək”-deyən QAT rəhbəri söyləyib ki, Ermənistanın reallıqda Azərbaycanla müharibə etməyə hərbi gücü yoxdur.
A. Nağının sözlərinə görə Ermənistanın hədə dolu bəyanatlarının arxasında öz ölkələrində müəyyən təbliğat aparmaq və ictimai rəy yaratmaq məqsədi dayanır. “Azərbaycanın artan gücü qarşısında, özlərini təbliğ etmək niyyətləri güdürlər. Yenə deyirəm ki, belə bəyanatlarda beynəlxalq təşkilatlar da məsuliyyət daşıyır. Avropa Şurasının tribunasından çıxış edən Sərkisyana dərhal adı çəkilən beynəlxalq qurum Ermənistan əleyhinə qərar qəbul etməli idi”-deyə təşkilat sədri bildirib.
Xatırladaq ki, AŞPA-nın dünən keçirilən payız sessiyasında qurum üzvlərinin suallarını cavablandıran Ermənistan prezidenti Serj Sərkisyanla Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov arasında qalmaqal yaşanıb. S. Seyidov S. Sərkisyana sual verərkən ona Azərbaycanın 20 faiz torpağının ermənilər tərəfindən işğal edildiyini xatırladıb və deyib ki, bu azmış kimi ermənilər Türkiyə və Gürcüstan ərazilərinə də iddia edirlər. Bundan başqa S. Sərkisyan öz erməni xislətinə uyğun açıqlama da verib. O həyasızcasına bildirib ki, yeni müharibə olarsa, Azərbaycan 25 faiz torpağını da itirə bilər.
Aqşin Kərimov