Modern.az

“Azərsu” Qobustan və İsmayıllı sakinlərinin köməyinə çatdı

“Azərsu” Qobustan və İsmayıllı sakinlərinin köməyinə çatdı

Aktual

7 Oktyabr 2013, 15:18
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq şəhər və rayon mərkəzlərində, eləcə də kənd yaşayış məntəqələrində içməli su və kanalizasiya infrastrukturunun yenidən qurulması üzrə genişmiqyaslı işlər həyata keçirir. Səhmdar Cəmiyyətin Təxirəsalınmaz Tədbirlər Proqramına uyğun olaraq bölgələrdə içməli su çatışmazlığı müşahidə olunan kənd və qəsəbələrdə layihələr icra olunur. Proqram çərçivəsində Qobustan rayonunun Ərəbqədim, Göydərə və Cəmcəmli, həmçinin, İsmayıllı rayonunun Kürd Eldarbəyli kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması layihələri uğurla başa çatdırılmış və yeni infrastrukturların  istismara verilməsi ilə əlaqədar kəndlərdə açılış mərasimləri keçirilib.

 “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov bildirib ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya infrastrukturu yenidən  qurulur və bu sahədə işlər şəhər mərkəzləri ilə yanaşı, kənd və qəsəbələri də əhatə edir:  

“Möhtərəm Prezident İlham Əliyevin respublikanın hər bir şəhər və kəndinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bölgələrdə genişmiqyaslı işlər həyata keçirilir. Hazırda “Azərsu” ASC-nin sifarişi əsasında ölkənin 24 şəhər və rayon mərkəzində, həmçinin 300-dən artıq kənd və qəsəbəsində su layihələri uğurla icra olunur. Bu gün daha 2 rayonun 4 kəndində yeni su təchizatı  sistemləri istifadəyə  verildi. Bununla da içməli sudan əziyyət çəkən Qobustan rayonunun Ərəbqədim, Göydərə, Cəmcəmli və İsmayıllı rayonunun Kürd Eldarbəyli kəndlərinin 4 minə qədər sakini fasiləsiz qaydada içməli su ilə təmin  olunmuşdur”.

Qobustan rayonunun İcra hakimiyyətinin başçısı Adil Məmmədov və İsmayıllı rayonunun İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov kəndlərdə içməli su təchizatı infrastrukturlarının yaradılmasının vacib layihələr olduğunu qeyd edib və bu layihələrin kənd sakinlərinin sosial rifahının daha da yaxşılaşmasına xidmət etdiyini bildirib. Açılış mərasimlərində çıxış edən kənd sakinləri uzun illərdir içməli suyu uzaq məsafədən daşıdıqlarını, həmçinin çay və göl sularından istifadə etdiklərini  diqqətə çastdırmış, problemin həllinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, “Azərsu” ASC-nin kollektivinə minnətdarlıqlarını bildirib.

Qeyd edək ki, “Qobustan rayonunun Ərəbqədim, Göydərə və Cəmcəmli kəndlərinin içməli su təchizatı sistemlərinin yaradılması layihəsi” Ərəbqədim kəndində  1522, Göydərə kəndində 548, Cəmcəmli kəndində 1309 olmaqla, ümumilikdə 3379 sakinin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb. Həmin kəndlərə içməli su rayon mərkəzini su ilə təmin edən mənbədən -  Təsi kəndi yaxınlığındakı subartezian quyularından verilir. Yeni layihəyə əsasən, Daşarası anbarından içməli suyun özüaxımlı rejimdə nəqlini təmin etmək üçün polad borularla (159 mm diametrli) Ərəbqədim kəndinə 10200 metr, buradan isə Göydərə kəndinə 2010 metr uzunluğunda (114 mm diametrli) magistral su xətləri çəkilmişdir. Ərəbqədim və Göydərə kəndlərinin hər birində ümumi istifadə üçün 1 ədəd bulaq və su dayağı quraşdırılıb. Rayonun Cəmcəmli kəndinə də içməli su  Daşarası anbarından verilir. Bu məqsədlə 1000 metr uzunluğunda (114 mm diametrli) magistral, 900 metr uzunluğunda kənddaxili su xətləri çəkilmişdir. Kənd ərazisində ümumi istifadə üçün 2 ədəd bulaq quraşdırılıb.

İsmayıllı rayonunun Kürd Eldarbəyli kəndində icra olunan layihə nəticəsində isə 531 sakinin içməli su təchizatı yaxşılaşıb. Layihəyə əsasən, kəndin yaxınlığında 1 ədəd yeni subartezian quyusu qazılmış və hər birinin tutumu 100 kubmetr olan  2 ədəd su anbarı tikilmişdir. Su mənbəyindən kəndə qədər müxtəlif diametrli polietilen  borularla 2096 metr uzunluğunda magistral su xətti çəkilib. İlk dəfə olaraq kənd ərazisində ümumi uzunluğu  5355 metr olan  paylayıcı su şəbəkəsi yaradılıb, 100-dək ünvana birləşmə verilibdir. Kəndin mərkəzində ümumi istifadə üçün 1 ədəd  bulaq tikilib.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı