Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvarın başçılığı ilə Bakıda səfərdə olan TBMM-nin millət vəkilləri Mustafa Kabakcı ,İdris Güllüce, Adnan Yilmaz, Tulay Selamoğlu, SuayAlpay və Alpaslan Kavaklıoğlu Bakı Ali Neft Məktəbində olublar.
Tədbirdə çıxış edən E.Qasımov bildirib ki, Azərbaycan və Türkiyə qardaş və dost dövlətlər olmaqla yanaşı eyni zamanda bütün sahələrdə ən yaxın müttəfiq dövlətlərdir. Mərhum prezident Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət iki dövlətdir” ifadəsini vurğulayan E.Qasımov qeyd edib ki, hər iki dövlət ölkələrimizlə bağlı məsələlərin həllində bərabər addım atır və hər hansı bir yaranmış maneənin aradan qaldırılması üçün bir-birinə dəstək olur. Azərbaycanın və Türkiyənin keçdiyi tarixi və inkişaf yolundan danışan E.Qasımov vurğulamışdır ki, bu gün dünyada aparılan ikili siyasi yanaşma olmasına baxmayaraq, ölkələrimiz bütün sahələrdə sürətlə inkişaf edərək yerləşdikləri coğrafi regionun aparıcı dövlətlərinə və dünya dövlətləri üçün əhəmiyyətli müttəfiqə çevriliblər. Azərbaycanda müxtəlif sahələrdə həyata keçirilən uğurlu layihələrdən və islahatlardan danışan rektor bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin ən önəm verdiyi sahələrdən biri də məhz təhsil sahəsidir. Azərbaycan prezidenti cənab İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirməliyik” şüarı da məhz bu sahəyə verilən önəmin göstəricisidir. Daha sonra, Bakı Ali Neft Məktəbi haqqında qonaqlara ətraflı məlumat verən rektor bildirib ki, ali məktəbin yaradılmasında əsas məqsəd inkişaf edən ölkəmiz, eyni zamanda istər Azərbaycanda, istərsə də xaricdə fəaliyyətini genişləndirən və artıq transmilli şirkətə çevrilən ARDNŞ üçün beynəlxalq standartlara cavab verən, ingilis dilli kadrların hazırlanması olub. Tədbirdə çıxış edən Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar Azərbaycan və Türkiyə dövlətlərinin birgə həyata keçirdikləri siyasi–iqtisadi strategiyanın önəmi haqqında ətraflı məlumat verərək bildirmişdir ki, bu strategiyadan ən önəmlisi bizi bağlayan qardaşlığımızdır. Bu gün iki qardaş dövlət birləşərək dünya və region dövlətləri üçün bir çox önəmli layihələrə imza atmışdır. O, qeyd edib ki, Bakı-Tibilisi-Ceyhan, Bakı-Tibilisi-Ərzurum qaz kəməri, Bakı-Tibilisi-Axalkalaki-Kars dəmir yolu xətti, TANAP və s. digər layihələr bunun bariz nümunələrindəndir. Mustafa Kamal Atatürkün “Kafkazların o biri tarafında bizim kardeşlərimiz var.Ve bir gün gelecek biz mutlaka onlara kovuşacağız” qardaşlığı təcəssüm etdirən tarixi nitqi ilə çıxışa başlayan TBMM-üzvü, millət vəkili Mustafa Kabakçı vurğulayıb ki, Azərbaycanın gücü Türkiyənin gücü, Türkiyənin gücü isə Azərbaycanın gücüdür. M.Kabakçı tələbələrə xitab edərək bildirib ki, bu şərəfli missiyanı qorumaq və daha da gücləndirmək artıq sizlərin üzərinə düşür. Tədbirdə çıxış edən digər millət vəkilləri Azərbaycan-Türkiyə arasındakı qardaşlıq bağları, tarix boyu düşmənlərə qarşı birgə mübarizəsi və bugünkü uğurları haqqında ətraflı məlumat veriblər.
Modern.az