Modern.az

Hansı deputatlar qurban kəsəcəklər? - “Qurban payı verəcəyim xüsusi ailələr var”

Hansı deputatlar qurban kəsəcəklər? - “Qurban payı verəcəyim xüsusi ailələr var”

Aktual

14 Oktyabr 2013, 14:28

Sabah müsəlman dünyasında müqəddəs Qurban bayramını keçiriləcək. Qurbanlar kəsiləcək və ehtiyacı olanlara paylanacaq. Azərbaycanda da imkanı olanlar hər il qurbanlar kəsib paylayır. Milli Məclisin deputatları da bu xeyirxah missiyanı böyük ruh yüksəkliyi ilə yerinə yetirəcəklər. Modern.az bir neçə deputatın Qurban bayramı ilə bağlı fikirlərini öyrənib.

Fazil Mustafa oğlunun oxuduğu məktəbdə kəsdirdiyi qurbanın uşaqlar tərəfindən paylanmasını daha çox bəyənir. “Qurban bayramında ənənəvi olaraq imkanlara görə hərəkət edirik. Oğlumun oxuduğu məktəbdə bir ənənə var. Qurban bayramında qurban kəsiləndən sonra uşaqlar insanlara özləri paylayır. Ona görə də qurbanı həmin məktəbdə kəsdirirəm. Bu ənənə çox xoşuma gəlir. Uşaqların qurban paylaması, başqa insanların həyatı ilə tanış olması hər halda tərbiyəvi nöqteyi-nəzərdən doğrudur. Bundan başqa, ailədə də qurban kəsib yaxın çevrəmdə olan insanlara paylayacağam”.

Jalə Əliyeva deyir ki, qurban kəsib paylayarkən yaxşı olar ki, ad çəkilməsin. “Qurban kəsmək İslam dininin əhəmiyyətli bayramlarından biridir. Ona görə  biz də bütün şərtlərə əməl edib bu bayramı xüsusilə qeyd edəcəyik. Qurban ətinin heç bir ehtiyacı olmayan insanlar tərəfindən yeyilməsinin tərəfdarı deyiləm. Buna tərəfdaram ki, qurban əti kəsilərkən onun bir tikəsi də evə girmədən ehtiyacı olanlara paylanılmalıdır. Təbii ki, biz də sabah ona əməl etməyə çalışacağıq. Müəyyən bayramlar var ki, adət halını alıb. İnsanlar bilirlər ki, Qurban bayramı günlərində onları mütləq yad edəcəyik. Ad çəkməyi məqsədəuyğun hesab etmirəm. Amma Qurban günündə qurban payı verəcəyim xüsusi ailələr var. Hər il olduğu kimi, bu sabah da həyata keçəcək”.

Çingiz Qənizadə
ata yurdunda qurban kəsməyi  özünə borc bilir. “Mən həmişə Qurban bayramını doğulduğum Ağdaşda keçirirəm. O ərazidə yaşayan, tanıdığım çox kasıb ailələrə qurban payı verirəm”.

Zahid Oruc isə qurban kəsib paylamağı özünün vətəndaş və insani borcu hesab edir. “10 ildən artıqdır ki, Qurban bayramı dönəmində hər zaman ilk növbədə təmsil elədiyim bölgənin insanlarına orda ehtiyacı olan şəxslərə verirəm. Həmişə Qurban kəsmək və onu paylamaq üçün addımlar atmışam. Bunu vətəndaş və insani borcum saymışam. Təbii ki, mən də sabah qurban kəsəcək və paylayacağam”.

Qənirə Paşayeva Qurban bayramı mərasiminə Tovuzda yerləşən hərbi hissələrdən başlayacaq. “Qurbanları kəsdikdən sonra müqəddəs bayramı əsgərlərlə ön cəbhədə qeyd edəcəyik. Sonra ön cəbhədə yaşayan insanlarımızla görüşüb, onlara qurban payı hədiyyə edəcəyik. Həmçinin, şəhid ailələrinə imkansız ailələrə, müharibə veteranı ailələrinə baş çəkməyi düşünürük”.   

Fəzail Ağamalı deputat seçildiyi ərazidə qurban kəsəcək. “Bir qayda olaraq, hər il qurban kəsib imkansız ailələrə paylayırıq. Bu bizim Qurban bayramında köklənmiş olduğumuz yanaşmadır. Bu yanaşma da hər zaman davam edəcək. Seçilmiş olduğum 60 saylı Salyan  ərazi dairəsindən 150-200 nəfərlik ailəyə qurbanlıq paylamaq fikrindəyəm”.

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı