Modern.az

Deputat Şəkinin işıq idarəsindən, jurnalist yollardan şikayətlənir - LAYİHƏ

Deputat Şəkinin işıq idarəsindən, jurnalist yollardan şikayətlənir - LAYİHƏ

Aktual

25 Oktyabr 2013, 13:07

Modern.az saytı “Bölgələrdəki vəziyyət: Deputat və jurnalist danışır” layihəsində bu dəfə seçilən bölgə paxlavası, ipəyi və Xan Sarayı ilə məşhur olan Şəkidir. Burada olan problemlər haqqında 115 saylı Şəki kənd ikinci seçki dairəsindən seçilmiş deputat Cavanşir Feyziyev və əslən Şəkidən olan “Mövqe.az” saytının əməkdaşı Zülfiyyə Quliyeva danışır.

Deputat Cavanşir Feyziyev deyir ki, Şəkidə irəliləyiş olsa da, bir sıra problemlər hələ də qalır. “Şəkinin inkişafı ilə bağlı bir sıra layihələrimiz həyata keçib. Həmin layihələr daha çox turizm sənayesi ilə bağlı infrastrukturları əhatə edir. Balakəndən Qəbələyə qədər olan yol, çoxsaylı körpülərlə birlikdə təmir olunur və yeni yollar çəkilir. Şəkinin su problemi ilə bağlı böyük bir layihə həyata keçirilir. Burada qədim şəhərlərin abadlaşdırılmasına dair prezidentin sərəncamına uyğun olaraq şəhərin qədim hissəsinin restavrasiyası aparılır. Bütün bunlar müsbət haldır. Şəkinin ərazisində, xüsusilə kənd bölgələrində suvarılan torpaqlar olduqca azdır. Torpaqların əksəriyyəti suvarılmayan və ya şərti olaraq suvarılan torpaqlardır. Ona görə də əhali kənd təsərrüfatından gəlir götürməkdə çətinlik çəkirlər. Bu da əsasən, suvarma ilə bağlıdır. Müntəzəm olaraq suvarılan torpaqlar yoxdur. Rayonun kənd bölgələrinin tarla suyu və içməli suyu ilə təmin olunması üçün böyük infrastruktur layihələrə ehtiyac var. Elektrik enerjisi ilə bağlı bir sıra problemlər hələ də qalmaqda davam edir. Şəkinin kəndlərində insanlar lazımi elektrik enerjisi ilə təchiz olunmayıb. İllərlə elektriki olmayan yeni tikilmiş evlərdə yaşayırlar. Yüksək gərginlikli elektrik xətləri həmin evlərin yanından keçməsinə baxmayaraq, onların elektrik enerjisi ilə təmin olunmasında böyük problemlər yaranır. Bu da Şəkidə elektrik enerjisi ilə məşğul olan idarənin öz işini görməməsi ilə bağlıdır. Elə seçicilər də ən çox su və elektrik problemləri ilə bağlı müraciət edirlər. Bundan başqa, Şəkidə yeni iş yerlərinin yaradılmasına ehtiyac var. Çünki Şəkinin ucqar kəndlərindən çoxsaylı gənclər Rusiyada işləyirdilər. İndi onlar geri dönməkdədirlər. Bu da yeni iş yerlərinin yaranmasına zərurət yaradır. Burada olan digər bir problem də istehsal müəssisələrinin olmamasıdır. Nəyisə istehsal edib bazara çıxarmaq mümkün deyil. Bütün bu problemlər zamanla öz həllini tapacaq. Biz də öz üzərimizə düşən öhdəlikləri yerinə yetirəcəyik”.

Jurnalist Zülfiyyə Quliyeva deyir ki, Şəkinin problemlərini saymaqla qurtarmaz. “Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Təbiətinin gözəlliyi ilə də göz oxşayır. Bir sözlə, Şəki əsl yaşanacaq bölgədir. Ancaq bəzi problemləri olduğundan Şəkinin bu gözəl mənzərəsi də oranın sakinlərini şəhərdə saxlaya bilmir. Digər regionlardakı kimi Şəkidə işsizlik problemi hələ də qalmaqdadır. Rayon mərkəzini ətraf kəndləri ilə birləşdirən, xüsusilə dağ kəndlərinə gedən yollar illərdir ki, gözdən-könüldən uzaq qalıb. Yəni həmin yolların təmirinə vəsait ayrılmır. Şəkidə içməli su ilə bağlı problem hələ də qalır. Məsələn, Şəkinin qədim kəndlərindən olan Daşbulaq kəndinin içməli su problemi bu günədək öz həllini tapmayıb. Bundan əlavə, Şəkiyə ətraf kəndlərdən gediş-gəliş bir qədər çətindir. Nəqliyyat problemi var. Şəkinin bəzi kəndləri var ki, bu günədək qazlaşdırılmayıb. Qış fəsli gələndə Şəkinin ətraf kəndlərində yaşayan sakinlərin qayğıları artır. Yeni məktəblərin tikilməsinə ehtiyac var”.

Ulduz İBRAHİMOVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı