
Bu gün Minskdə MDB dövlət başçılarının sammiti keçiriləcək. Sammitdə iştirak etmək üçün artıq Azərbaycan prezidenti İlham Əliyev də Belarusa yola düşüb. MDB sammitində bizi hansı perspektivlər gözləyir? Avrasiya Ali İqtisadi Şurasının iclasının da keçirilməsi təsadüfdürmü? Azərbaycana bu halda təzyiqlər ola bilərmi? Modern.az məsələ ilə bağlı politoloq və deputatdan fikirlərini öyrənib.
“Belə bir meyl var ki, Azərbaycanın Gömrük İttifaqına üzv etsinlər”
Politoloq Rasim Ağayevin fikrincə, Azərbaycan MDB-də son illər nümayiş etdirdiyi passivlik müəyyən canlanma ilə əvəzlənəcək. “Ümumiyyətlə, MDB sammitində hər hansı yenilik gözləmirəm. Son illərdə Azərbaycan MDB-nin tədbirlərinə can atmırdı. Əməkdaşlıq edirdi, amma bir struktur kimi rəsmi Bakı bunu qəbul etmirdi. Bu dəfə ki, sammit çox zəngindir. Sammit çox geniş məsələlər müzakirə olunacaq. Terrorizmlə mübarizə, informasiya sahəsində və s. 10-dan artıq sənəd imzalanacaq”.
Siyasi ekspert Azərbaycanın Gömrük İttifaqına qoşulmayacağını bildirsə də MDB vasitəsilə Avropa-Rusiya arasında balanslaşdırılmış siyasət aparacağını bildirdi. “Belə bir meyl var ki, Azərbaycanın Gömrük İttifaqına üzv etsinlər. Amma MDB- çərçivəsində Azərbaycanın siyasəti yeni mərhələyə çıxacaq. Balans siyasəti Avropa Birliyi ilə Rusiya arasında MDB çərçivəsində həyata keçirilsin. Amma İlham Əliyev ənənəvi siyasi xəttini dəyişməyəcək”.
“Azərbaycanın siyasi orientasiyasında ciddi dəyişiklik baş verib”
Deputat Fazil Mustafa isə Avropanın Azərbaycana qarşı ikili siyasətindən sonra yeni situasiyanın yarandığını bildirib. “Açığı səfər Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığa son verdiyi ərəfədə olur. Bu isə yeni situasiya kimi anlaşılmalıdır. Azərbaycanın siyasi orientasiyasında ciddi dəyişiklik baş verib. Buna görə Azərbaycan hökümtəti hansı siyasəti ortaya qoyacağı gələcək proseslərdən aydın olacaq. Onsuz da Rusiya modelli qurumlarda Azərbaycan üçün heç bir perspektiv yoxdur. Ölkəmizə hansı zərərin olacağı məsələsi qarşımızda dayanır. Amma bu dəfə ölkəmizə ciddi zərər dəyməyəcək. Bütün hallarda qərarlardan sonra demək olar ki, nə baş verir”.
Fazil Mustafa Avropa Ali İqtisadi Şurasının iclası ilə MDB sammitinin eyni tarixə düşməsini təsadüf hesab etməsə də, Azərbaycanın heç bir halda Gömrük İttifaqına üzv olmamlı olduğunu vuqğuladı. “Bu tədbirlərin eyni tarixə düşməsi təsadüf deyil. Amma Azərbaycan bu inteqrasiya proseslərinə daxil olmamalıdır. Avropa Azərbaycandan dəstək almasa da, Rusiya məsləsi ümumiyyətlə Azərbaycan üçün heç bir perpektiv vəd etmir. Rusiya ilə müttəfiqliyi düşünürüksə, Azərbaycan üçün bu yöndəmsiz və yarıtmaz siyasətin başlanğıcı olacaq. İqtisadi baxımdan Azərbaycan bazarına müəyyən xeyir versə də, siyasi baxımdan çox yanlış qərar ola bilərdi”.
Deputat qeyd edib ki, Azərbaycan bu vaxta qədər MDB çərçivəsində Rusiyanın təzyiqlərinə qarşı uğurla müdafiə olunub. “Məncə Azərbaycan MDB çərçivəsində Rusiyanın təzyiqini zərərsizləşdirmə missiyasını uğurla yerinə yetirib. Ən azı Rusiyanın Azərbaycana qarşı açıq aqressiya nümayiş etdirməsinin qarşısını alıb”.
Vüqar İsmayılov