Modern.az

Gülər Əhmədova nəyə yas saxlayırmış?!

Gülər Əhmədova nəyə yas saxlayırmış?!

Aktual

27 Oktyabr 2013, 12:04

/file/articles/2013/10/27/94174.jpgNamidə Bingöl

Seçki prosesinə yekun vurulduqdan sonra bütün nəzərlər formalaşan yeni hökumətin kadr dəyişikliyinə cəmləndi. Aylardır qorxudan yuxusu ərşə çəkilənlərin nəhayət dəyirmanlarına su töküldü. Bu barədə bir azdan daha ətraflı danışacam.

Seçkilərdən sonra müxalifət düşərgəsində soyuq küləklər əsməyə başladı. Sanki qurbağa gölünə daş atılmışdı. Yəqin havaların soyumasındandır. Bu səbəbdən də isti ocağın başına qısılan kəslərin gözü yol çəkir. Lakin birdən-birə Pənah Hüseyn gözü yol çəkənlərin üzünə su çilədi. “İctimai palata buraxılmalıdır”. Maraqlıdır, İctimai Palatanın buraxılmasını israrla dilə gətirən Azərbaycan Xalq Partiyasının (AXP) lideri, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn səhərin gözü açılar-açılmaz İctimai Palatanın fəaliyyətinə son qoymağı niyə düşündü ki?! Hər halda, bir bildiyi var, əlbət. Amma, Pənah bəyə qahmar çıxanlar da tapıldı. Hətta, AXCP də İctimai Palatanın buraxılmasını daha tutarlı addım hesab edir.

Hələ sən bir buna bax. Gülər Əhmədovanı deyirəm. Qətiyətli addım ataraq, tutarlı arqumentlərlə məhkəmə zalında çıxış edib. Sən demə, xanım Əhmədovanın ürəyi qubar olubmuş. Günlərdir dəmir barmaqlıqlar arasında divarlara fəryad edən Gülər xanım Cəmil Həsənlidən yaman yanıqlı imiş. Seçki öncəsi debatlarda çıxışı zamanı Gülər Əhmədovanı “mandat alveri”ndə suçlayan Cəmil müəllimə deyəsən, ağzından çıxardığı kəlmələr baha başa oturub. Məhkəmə iclasına təşrif buyuran xanım Əhmədova başdan-ayağa qara geyinib. Görəsən, nəyə yas saxlayırsınız?! Hər halda, qara geyimin yalnız bir rəmzi mənası var, Gülər xanım! Bəlkə, sizin “Dədə Qorqud” filmindəki saçı uzun Burla xatunu oynamaq fikriniz var?! Hərçənd, sizin saçınız qısadır. Bəs Cəmil Həsənlini məhkəmə zalına dəvət edən Gülər Əhmədovanın planında daha nələr var?! Bəlkə, yerdəyişmə qanununa əsasən siyasi dustaqlığa biryolluq “vida” demək istəyir?! Bunlar sadəcə ehtimaldır. Hər halda, Gülər xanımın planından kimsə xəbər tuta bilməz. O, həm də plan qurmaqda mahir ovçudur axı! Bu arada, məhkəmə qərarı olmadan “cinayətkar” kimi təqdim olunmasını həzm edə bilməyən Gülər xanım, bu cür təqdimatla özünün və ailəsinin nüfuzuna xələl gəldiyini düşünür. Bunu həbs olunmamışdan aylar öncə də düşünmək lazım idi. Bilmirəm, indiki halda, hansı nüfuzdan danışmaq olar?!

Nüfuzlu dövlətlərin sırasında müxtəlif vasitələrlə özünə yer etməyə çalışan Ermənistan hökuməti yenə çapalayır. Əndamını orda-burda silkələməklə iri dövlətlərin qapısı ağzında boynundan kəndir asılı vəziyyətdə qalan bu dövləti anlamaq da qəliz məsələdir. Özgə malına göz dikib mənimsədiyi bəs deyil, üstəlik varislik sevdasından da biryolluq əl çəkmək istəmir. Sabahımızı Ermənistan dövlətinin sərsəm bəyanatları ilə açmasaq, bilmirəm necə olarıq. Sanki xoruz olmasa sabah açılmaz. Elə bu həftə qondarma “DQR”ın tanınması haqqında qanun layihəsini Ermənistan dövləti elə öz parlamentlərində müzakirəyə çıxarmaq fikrinə düşdü. Ermənistan parlamentinin spikeri Ovik Abramyan, “İrs” parlament fraksiyasının katibi Zarui Postancanyanın təşəbbüsü ilə hazırlanmış layihə qəbul olunmasa da, hər halda yenə erməni xislətinin şahidi olduq. Ac toyuq yuxusunda həmişə darı görür. Dağlıq Qarabağın əbədiyyən Ermənistanın tərkibində olması yalnız ermənilərin yuxusunda realdır. Əmin ola bilərsiniz ki, yuxunuz çin olmayacaq.

Qayıdaq həftənin ən önəmli siyasi hadisəsinə. Seçki ili öncəsi bütün siyasi dairələrdə gərginlik müşahidə olunurdu. Seçkilərdən sonra necə olacaq?! Hansı məmur siyasi postundan kənarlaşdırılacaq? Yeni məmur simalarına alışa biləcəyikmi?! Bu suallar sadə vətəndaşdan tutmuş vəzifə kürsüsündə həyatının komfort dönəmlərini yaşayan hər bir məmurun maraq dairəsində idi. Öz gözündə tiri görməyən, başqasının siyasi kürsüsündə boşluq axtarırdı. Nəhayət, o boşluq üzə çıxdı. Seçki prosesinə yekun vurulandan sonra, hər kəsin nəzəri prezident İlham Əliyevin imzalayacağı sərəncama dikilmişdi. Formalaşan yeni hökumətin kadr islahatları kimlərdən ibarət olacaq?! Amma burda bir nüansı da qeyd etməliyəm. Seçkilərdən öncə prezident İlham Əliyevin bölgələrə səfəri çərçivəsində etdiyi çıxışlar çox güman ki, hər kəsin hafizəsinə həkk olunub. Bəzi məmurların yerlərdə səlahiyyətlərindən sui-istifadə hallarına yol verməsi seçkilərdən sonra növbəti 5 ilin inkişaf planı üçün “qara ləkə” olardı. Siyasətdə başısoyuqluq edib anında qərar vermək məğlubiyyətin sərhəd nöqtəsidir. Amma, prezident İlham Əliyev öncədən xəbərdarlığını etmişdi. Yəni sözünü atmışdı ki, yiyələri götürsün. Təəssüf ki, Azərbaycan reallığında o da var. Kimsə öz xoşuyla işində buraxdığı nöqsanlara görə vəzifəsindən əl çəkmək istəmir. Məcburiyyət qarşısında qalanda nəinki əl çəkmək, hətta insan sevimli kreslosunun arxasınca baxa-baxa gedir. Başlayaq, eks-müdafiə nazirimiz Səfər Əbiyevdən. 18 ildən artıq müddətdir ki, bu vəzifədə xalqı müdafiə edən eks-naziri general-polkovnik Zakir Həsənov əvəz edəcək.

Çox vaxt hakimiyyət daxilində cərəyan edən proseslər gizli şəkildə baş verir. Bu zaman kiçik partlayışın olması yetərlidir. Diqqətimi böyük həvəslə özünə yönəldən millət vəkili Zahid Orucun partlayış xarakterli fikirləri oldu. Zahid Orucun dili ilə desəm, əsgər üzərində mənəvi etibarını itirmiş “kabinet naziri” olan Səfər Əbiyevə, görünür kimsə “gözün üstə qaşın var” deyə bilməyib. Orduda əsgər –zabit münasibətlərinin düşmənçilik formasında qurulması, Ermənistan-Azərbaycan sərhəddində gərginlikdən xəbər vermirmi?! Və yaxud da cəbhə xəttində gərginliyin pik nöqtəyə çatması nədən xəbər verir? Bəlkə, Zahid Oruc demişkən, Səfər Əbiyevin təkcə düşmənlə deyil, daha çox Azərbaycan cəmiyyəti ilə konflikt mövqe sərgiləməsi ən azı hər gün cəbhə xəttindən gələn xoşagəlməz xəbərlərə bir işarə idi?! Hər halda, dövlətin güc strukturlarından birini ordu quruculuğu təşkil edir. Atəşkəs dönəmində orduda ölü sayı çoxalırsa, bu dərin boşluğun əyani göstəricisidir. Məncə, əlavə şərhə ehtiyac yoxdu.
Kənd təsərrüfatı naziri İsmət Abasov da ilkin proqnozların nəticələrinə əsasən vəzifədən uzaqlaşdırılanlar siyahısında oldu. Amma o, işsiz qalmadı və baş nazirin müavini postuna təyinat aldı.
Heydər Əsədov yeni kənd təsərrüfatı naziri postuna yiyələndi. Yola salınan nazirlər arasında keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov da var. Sona qədər dövlət başçısına sadiq qalacağını deyən Füzuli Ələkbərov deyəsən, işində buraxdığı əməllərdən peşmandır. Sonrakı peşmançılıq isə heç vaxt fayda vermir. Hər bir işin faydalılıq əmsalı işin nəticələrinə əsasən hesablanır. Biz də yeni hökümətin gərgin iş qrafikindən uğurlu nəticələr gözləyirik!

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı