Modern.az

BDU-nun yeni tələbə şəhərciyi belə olacaq - FOTOLAR

BDU-nun yeni tələbə şəhərciyi belə olacaq - FOTOLAR

Aktual

1 Noyabr 2013, 12:30

Bakı Dövlət Universitetinin yeni tələbə şəhərciyinin yaradılması planlaşdırılır. Qeyd edək ki, BDU-nun 100 illik yubileyinə hazırlıq məqsədilə həyata keçiriləcək tədbirlər planı çərçivəsində universitetin tələbə şəhərciyi innovativ üsulla tamamilə yenidən qurulacaq.

Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmovun Modern.az-a bildirdiyinə görə, yataxanalar uzun müddət ağır istismarda olub və onların istismar müddəti keçib.

”Biz yeni layihə təklif etmişik. Layihə hazırlanıb, yeni stilli yataqxanalar tikiləcək. Eyni zamanda bu yataqxanalarda tələbələr üçün hər cür şərait düşünülüb”.

A.Məhhərəmov yeni yataqxananın BDU-nun 100 illiyinə hazır olacağını düşünür. “Bilirsiniz ki, qarşıdan universitetin 100 illik yubileyi gəlir. BDU Azərbaycanın ilk təhsil ocağı olduğu üçün buna bütün elmi ictimaiyyət diqqət yetirir. Bizim də tədbirlər planımız var və bu plana uyğun olaraq fəaliyyət göstəririk. Təbii ki, 100 illik yubileyə yataqxanaların tikintisi dəqiq çatacaq. Bu böyük bir kompleksdir. Yataqxana tək bir korpusdan yox, korpuslar birliyindən ibarət olacaq”-deyə rektor əlavə edib.

BDU-nin ötən əsrin 60-cı illərində inşa olunmuş tələbə şəhərciyi artıq istifadəyə yararsız vəziyyətdədir və müasir tələblərə cavab vermir. Modern.az-ın məlumatına görə, BDU-nun inzibati-təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlı “Azərbaycan müəllimi” qəzetinə bildirib ki, bu məqsədlə ərazidə 5 yeni yataqxana binasının tikilməsi nəzərdə tutulur. Binaların layihəsi yüksək ixtisaslı mütəxəssislər tərəfindən universitetin xüsusi arzu və istəkləri səviyyəsində hazırlanıb. Təxminən 200 milyon manat dəyərində ehtimal edilən layihədə tələbələrin rahatlığını təmin edən hər bir şey nəzərdə tutulub.

Layihəyə görə, şəhərcikdə binaların hündürlüyü həmin ərazinin relyefindən asılı olaraq dəyişəcək. Yerin relyefi yüksəldikcə mərtəbələrin sayı azalacaq. Məsələn, Mətbuat prospekti tərəfdən olan ərazidə 16-17, daha yuxarı qalxdıqca yerin hündürlüyündən asılı olaraq 14, 13, 12 və s. mərtəbəli binalar inşa olunacaq. Ən son hündürlükdə tikiləcək bina 6 mərtəbəli olacaq.

Binalarda Avropa və dünyanın ən qabaqcıl universitetlərinin tələbə şəhərcikləri (kampusları) səviyyəsində müasir standartlara cavab verən bütün şərait yaradılacaq. Hər bir binada tələbələr üçün yeməkxana, kitabxana, İnternet şəbəkəsi, mağazalar və s. təşkil olunacaq. Burada bütün infrastruktur, o cümlədən ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təchizat məsələləri yüksək səviyyədə olacaq. Şəhərcikdə  müasir universal multimedia taksofonları, genişzolaqlı İnternet xidmətləri tələbələrin ixtiyarına veriləcək. Təxminən 6 minə yaxın tələbənin yerləşə biləcəyi şəhərcikdə xarici tələbələr üçün xüsusi bina nəzərdə tutulub.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin yataqxanalarında məskunlaşan məcburi köçkünlər buradan Qaradağ rayonu Müşfiqabad qəsəbəsindəki yeni şəhərciyə köçürülüblər.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı