
Modern.az saytı “Bölgələrdəki vəziyyət: Deputat və jurnalist danışır” layihəsinə davam edir. Bu dəfə seçilən bölgə İsmayıllıdır. Bu rayonun problemləri haqqında 86 saylı seçki dairəsindən Milli Məclis üzvü seçilmiş deputat Novruz Aslanov və əslən İsmayıllıdan olan “ Ədalət” qəzetinin müxbiri Ədil Ədilzadə danışır.
Deputat Novruz Aslanov deyir ki, İsmayıllı rayonunda olan mühüm problemlər aradan qaldırılır. “Hər bir bölgədə olduğu kimi, İsmayıllıda da başlıca problem işsizlikdir. İsmayıllıda iş yerləri bir qədər azdır. Əsas da gənc nəsil buna görə əziyyət çəkir. Bunu mənə olan müraciətlərdən bilirəm. İş tapa bilməyən gənclər, eləcə də valideynləri mənə üz tutur və köməklik istəyirlər. Bacardığım qədər yardım edirəm. Ancaq bu elə də asan deyil.
Digər problem səhiyyə ilə bağlıdır. Statistikaya görə, yanıma 10 nəfər gəlirsə, onların 8-i səhhəti ilə bağlı müraciət edir. Bu müraciətlərin əsasını böyrək çatışmazlığı və ürək çatışmazlığı olan insanlar təşkil edir. Onlar xaricə getmək, öz xəstəliklərindən qurtulmaq üçün köməklik istəyirlər. Bacardığımız qədər onların problemlərini həll etməyə çalışırıq. Bundan başqa, insanların torpaqla bağlı problemləri də olur. Seçicilərin maddi yardımla bağlı müraciətləri də olur. İnsanların rahat yaşaması üçün əlimizdən gələni edirik”.
Jurnalist Ədil Ədilzadə də İsmayıllıda olan problemlərin öz həllini tapdığını və orada görülən işlərdən öz razılığını bildirir. “İsmayıllıda olan hadisələrdən sonra yeni həyata qədəm qoyub. Bunu da İsmayıllı rayonuna səfər edən hər bir Azərbaycan vətəndaşı deyə bilər. Kommunal təsərrüfatın inkişafında və digər iş yerlərinin açılması baxımından mühüm addımlar atılır. Bunda yeni başçının mühüm rolu var. Bu gedişat onu deməyə imkan verir ki, İsmayıllı yaxın zamanlarda digər rayonlarla rəqabət aparmaq əzmində olacaq. Nizami Ələkbərov və digər icra başçılarının dövründə passiv vəziyyət yaranmışdı. Hətta rayon vətəndaşları iş baxımından Qəbələyə, Göyçaya və digər bölgələrə iş üçün gedirdilər. Yol infrastrukturunda və digər sahələrdə çatışmazlıqlar var idi. Vətəndaşların bununla bağlı kifayət qədər dövlət qurumlarına və aidiyyəti qurumlara müraciət etmələrinə baxmayaraq, nəticə əldə olunmurdu. İndiki şəraitdə görünən odur ki, rayonda ciddi iş gedir. Bu işlər birbaşa vətəndaşların üzdə olan narazılıqlarının, problemlərinin aradan qaldırılmasına yönəlib.
İsmayıllı rayonunda işıqla bağlı müəyyən problemlər var idi. Bu da o sahədə olan yenidənqurma işləri ilə bağlı idi. İndi o problem də aradan götürülüb. Qaz baxımından elə də ciddi bir problem yoxdur. İsmayıllı rayonunun bu gün əsas problemi işsizlik idisə, onun da aradan qaldırılması yönündə müəyyən addımlar atır. Bu rayona Bakı şəhərindən və Göyçaydan giriş var. Bakı istiqamətinə gedən gedişdə bütün işlər yüksək səviyyədə həyata keçirilib. Təəssüf ki, Göyçay rayonundan İsmayıllı rayonuna gələn yolda çətinliklər var və bir növ, həmin ərazi diqqətdən kənarda qalıb. Arzu edərdim ki, o yolun təmiri istiqamətində addımlar atılsın. Çünki, o yol ətrafında olan kəndlərin coğrafi baxımdan yerləşdiyi ərazi yüksək səviyyədədirsə, turizmin inkişafına da müəyyən dəstək verə bilər. Doğrudur, alternativ yol çəkilib. Ancaq problemlərin aradan qaldırılmasına şərait yaratmır”.
Ulduz İBRAHİMOVA