Modern.az

“Həmsədrlər prezidentləri yenidən görüşdürmək istəyir” - Siyasi şərhçi

“Həmsədrlər prezidentləri yenidən görüşdürmək istəyir” - Siyasi şərhçi

Aktual

4 Noyabr 2013, 14:17

“Həmsədrlərin gəlişi ilə bağlı elə də ciddi gözləntim yoxdur. Masa üzərində konkret təkliflər paketi var, burada hansısa ciddi dəyişikliklər də etməyiblər. Düşünürəm, səfərin məqsədi Azərbaycan-Ermənistan prezidentləri arasında növbəti görüşü təyin etməkdir”.

Bunu Modern.az-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ATƏT-in Minsk Qrupunun regiona növbəti səfərinə şərh verərkən deyib. Onun sözlərinə görə, bu il hər iki ölkədə prezident seçkiləri keçirildiyindən ATƏT-in Minsk Qrupu fasilə götürmüşdü:

“Bildiyiniz kimi, bu ilin fevralında Ermənistanda, oktyabrında isə Azərbaycanda prezident seçkiləri keçirildi. Bu hadisələrə qədər fasilə götürülmüşdü. İndi də həmsədrlər düşünürlər ki, seçki bitib, prezidentlər arasında növbəti görüşü təşkil etmək olar. Məsələnin birinci tərəfi budur. İkinci tərəfi ondan ibarətdir ki, dekabrda adəti üzrə ATƏT-in xarici işlər nazirlərinin sammiti olacaq. Yəqin ki, orada Qarabağla bağlı növbəti sənəd qəbul olunacaq. Hesab edirəm ki, həmin sənədin mətninin hazırlanması məqsədilə indi Azərbaycan və Ermənistan tərəfi ilə hansısa razılaşdırılmalara ehtiyac var. Bu səfərdə danışıqların sürətləndirilməsi baxımından real bir şey görmürəm”.

Politoloq hazırda Ermənistanla Azərbaycan arasında müharibə olacağını real saymır: “İndiki halda müharibə ehtimalını yüksək qiymətləndirmirəm. Çünki tərəflər müharibənin başlanmasına maraq göstərmirlər. Düzdür, atəşkəs pozulur, amma bu, lokal toqquşmalara gətirib çıxarmır”.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Jak For (Fransa) və İqor Popov (Rusiya) Azərbaycana gəliblər. Vasitəçilər bu gün Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəklər. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, eləcə də Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkili müzakirə olunacaq.

Həmsədrlər bu gün Ermənistana yola düşəcəklər.

İlkin PİRƏLİ

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı