Modern.az

Politoloq: “Ukrayna Azərbaycanla eyni durumdadır, Kiyevə təzyiqlər olacaq”

Politoloq: “Ukrayna Azərbaycanla eyni durumdadır, Kiyevə təzyiqlər olacaq”

Aktual

22 Noyabr 2013, 16:06


Bunu Modern.az-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O, İlham Əliyevin Ukrayna səfərini şərh edərkən bildirib ki, Ukrayna-Azərbaycan məsləhətləşmələrinə ehtiyac var:

“Düşünürəm, səfər zamanı beynəlxalq məsələlər müzakirə olunub. Xəbərlər yayılıb ki, enerji əməkdaşlığı müzakirə olunub. Amma Azərbaycanı Ukrayna ilə elə də böyük enerji layihələri birləşdirmir. Azərbaycan nefti dünya bazarına çıxaran layihələrinə yaşıl işıq yandırıb. Bu layihələr də bəllidir. Burada Ukraynanın payı böyük deyil. Kiyevdə sırf siyasi məsələlər, yəni Ukrayna  Avropa Birliyi və Gömrük İttifaqı ilə anlaşma imzalamayacaqsa, gələcəkdə bu ölkənin aparacağı siyasət  müzakirə olunub”.

Politoloq qeyd edib ki, Azərbaycan Ukraynanı Rusiyadan qaz asılılığından xilas edə bilməz: “İnanmıram, Azərbaycan Ukraynanı təmin edə biləcək qaz versin. Müəyyən mənada söhbətlər aparıla bilər. Amma Ukraynanın Rusiyada aldığı qazın həcmi çox böyükdür. Bunu Azərbaycan tərəfi öz üzərinə götürə bilməz. Əlbəttə, müəyyən layihələr haqqında fikir mübadiləsi aparıla bilər”.

E.Şahinoğlunun fikrincə, ilin sonuna qədər Ukraynanın və Azərbaycanın Avropa Birliyi ilə assosiativ sazişi imzalayacağı gözlənilmir: “Bəlkə Avropa Birliyi ilə assosiativ anlaşmanı imzalamağa qəti qərar verməyib. Çünki Rusiyadan ciddi təzyiqlər oldu.  Məncə, təzyiqlərdən qurtulmaq üçün hər iki ölkə - Ukrayna  və Azərbaycan fasilə götürüb. Belə davam edərsə, ilin sonuna qədər hər iki ölkənin Avropa Birliyi ilə anlaşmanı imzalamayacağını proqnozlaşdırmaq olar”.

Qeyd edək ki, Ukrayna hökuməti Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanmasına hazırlıq prosesinin dayandırılması haqqında qərar qəbul edib. Rəsmi Kiyev Rusiya, Gömrük İttifaqının digər üzvləri və MDB ölkələri ilə iqtisadi-ticarət əlaqələrinin canlandırılması üçün fəal dialoqa başlayacaq.

İlkin

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı