Modern.az

Cəmil Həsənli müəllim nəyi dəyişmək istəyir?!

Cəmil Həsənli müəllim nəyi dəyişmək istəyir?!

Aktual

24 Noyabr 2013, 16:50

/file/articles/2013/11/24/97116.jpgNamidə BİNGÖL

Rəsmi şəkildə təşkil olunan siyasi görüşlərin pərdəarxası məqamları çox vaxt ictimaiyyət üçün qapalı qalır. Siyasi ekspertlərin məntiqi yanaşmaları bizim üçün sadəcə, hesablaşmadır. Bəs Ərdoğanın Məsud Bərzani ilə tarixi görüşü hansı istiqamətdə hesablanmalıdır? Və yaxud da bu görüşlə hesablaşmalıyıqmı? Bu barədə bir qədər sonra daha ətraflı danışacam. İndi isə keçək Azərbaycanın siyasi cameəsində baş verənlərə.

Qalmaqallı Milli Şura ətrafında söz-söhbətlər səngimək bilmir. Yəni demək istəyirəm ki, adı Milli Şura dəftərində pas atan Rüstəm bəyi Cəmil Həsənli ilə yerdəyişmə qanununa salmaq istəyirlər. Yəni bir qrup müxalifətçi Milli Şuraya sədr Cəmil Həsənlini münasib görür. Hətta, cənab İbrahimbəyov da bu təkliflə razıdır. Baxmayaraq ki, məsələ müzakirə olunur, amma ortaq nöqtədə qərarlaşmağa gəlincə, hamı yerində sayır. Milli Şuranın prezidentliyə namizədi olan bizim Cəmil müəllim isə yerində saymağı sevmir, deyəsən. Tez-tez xarici dövlət nümayəndələri ilə görüşlər keçirir. Yola saldığımız həftə də istisna deyil. ABŞ-a səfər edən Cəmil müəllim nəsə etməyə çalışır. Görüş zamanı ABŞ-Azərbaycan arasında qarşılıqlı münasibətlərin müzakirə olunması “toydan sonra nağara” məsəlini yadıma salır. Ağsaqqaldı, ziyalıdı. Məsləhət verməyim doğru deyil, bilirəm. Amma vətəndaş olaraq, mənim üçün də maraqlıdır axı! Ortada yoğrulan xəmirin hazır tikəsi var. Siyasi dillə desəm, seçki prosesinə çoxdan yekun vurulub. Bu görüşlərlə Cəmil müəllim nəyi dəyişmək istəyir?!

Görüş demişkən, Müsavat başqanı İsa Qəmbərin də Gürcüstan səfəri reallaşdı. Amma maraqlı bir məqam mətbuatın diqqətindən yayınmadı. Milli Şura sədri olan Rüstəm İbrahimbəyov film çəkilişləri səbəbindən Gürcüstanda idi. Amma İsa bəy Rüstəm müəllimlə bir araya gəlmədi. Maraqlıdır, fərqli məmləkətlərdən gürcü torpağına ayaq basan bu iki lider görəsən nəyə görə 15 dəqiqəlik də olsa görüşmədi? Bir-birinə küsmüş olmasınlar, əcəba?!

Millət vəkili Aydın Mirzəzadə ilə AXCP sədri Əli Kərimli arasında soyuq müharibə bitmək bilmir. Təbii, onlar nə dost kimi dostdurlar, nə də düşmən kimi düşmən. Hər ikisinin gözü bir-birinin pul kisəsinə kilidlənib. Uzun sözün qısası. Aydın müəllim deyir, Əli Kərimli ianəni ABŞ dolları ilə necə edir? Əli bəy də deyir ki, Aydın Mirzəzadə filan tələbəyə kəsdiyi təqaüdü hansı pulla ödəyir? Qəliz məsələdi. Məncə, hər kəsənin gözü öz qazanında olsa yaxşıdır.

Bu həftə prezident İlham Əliyev bir neçə xarici ölkəyə rəsmi səfər etdi. Təbii ki, ölkə mətbuatının diqqəti İlham Əliyevin İsveçrədə erməni həmkarı Serj Sarkisyanla keçirilən təkbətək görüşə yönəldi. Görüşün normal keçdiyi bəlli oldu.

Qayıdaq türk-kürd münasibətləri çərçivəsində reallaşan tarixi görüşə. Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan Diyarbakırdə Şimali İraqın Kürd Muxtariyyətinin lideri Məsud Bərzani ilə bir araya gəldi. Görüş zamanı tərəflər çox məsud görünürdü. Əcəba, bu sıcaq ilişkilərin arxasında siyasi hiylə yer alıbmı?! Bir kürd lideri ilə görüşən baş nazir bölgədəki gərginliyi sıfıra endirməklə kürd-türk məsələsində siyasi manevr etmək niyyətində də ola bilər. Əslində, PKK-nın kürd məsələsi ilə Türkiyənin kürd məsələsində fərqli yanaşma tarixən olub. Uzun illərdir PKK-çı kürdlər Türkiyə dövlətinə qarşı silahı yerə qoymamağa and içiblər. Səbəb isə çox sadədir. Kürdüstan dövləti yaratmaq. O zaman ortaya belə bir sual çıxır. Türkiyənin baş naziri kürd lideri ilə görüşdə “Kürdüstan” sözünü dilə gətirməklə bölgədə yeni dövlətin yaranmasına rəvac vermirmi?!
Qeyd edim ki, bu vaxta qədər Türkiyə hökumətində təmsil olunan dövlət başçıları kürd liderlərini “regional rəhbərlik”, “kürd muxtariyyətinin rəhbəri” kimi təqdim edirdilər. İndiki gəlişmələr isə fərqli rakursda cərəyan edir. Amma tarixi görüşün detalları Ərdoğanın şəxsi istəkləri konteksindən də müzakirəsiz yan keçmir. Nəzərə alsaq ki, 2014-cü il Türkiyə tarixinə seçki ili kimi daxil olacaq. Deməli, baş nazirlə prezident eyni post uğrunda yarışa bilər. Diyarbakırda edilən səfərin yekunlarına əsasən onu deyə bilərəm ki, baş nazir postundan prezident kürsüsünə doğru manevr etmək Ərdoğanın planında siyasi cəhd kimi qiymətləndirilə bilər. Digər tərəfdən də kürdlərin dəstəyini qazanmaq üçün görüş şansını bir daha incələmək yerinə düşməzmi?! Hər halda, Ərdoğanın ikinci dəfə addım atması istisna deyil. Görüşün “kürd açılımı” baxımından müsbət rəy doğurduğuna inananlar da az deyil. Amma narazı kütlə də etiraz səsini boğa bilmədi. Gerçəkləşən görüş PKK-nın türklərə qarşı silahlı addım səsini bir az da yüksəltməyə əsas verə bilərmi?! Və yaxud da türklər PKK-çı kürdlərin çaldığı havaya oynamaq məcburiyyətində qalacaqmı?! Görünür, Ərdoğan və AKP hökuməti hələ çox suallarla üz-üzə qalacaq. Bu isə son deyil. Sadəcə, sonun başlanğıcıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı