“Bizim məqsədlərimizdən biri KXCP-nin strateji siyasi kursunu, ideoloji və seçdiyi siyasi mövqeyinə uyğun vəziyyət sərgiləməkdir. Demokratik Birlik fraksiyasının Respublika Müşavirəsi formalaşdırılıb. Yəni ali orqan budur. Daha sonra isə fraksiyanın idarə heyətini yaratdıq. Mütəmadi olaraq toplaşırıq, müəyyən məsələlərlə bağlı fikir mübadiləsi aparırıq”.
Bunu Modern.az-a açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Salyan rayon təşkilatının sədri, “Demokratik Birlik” fraksiyasının təsisçilərindən olan Ədalət Yusubov deyib. O, fraksiyasının fəaliyyətinin mediadan gizlədilməsinə aydınlıq gətirərkən deyib ki, bu, digər qüvvələrdə qıcıq yaratmamaq üçündür: “Siyasi mövqelərlə bağlı fəaliyyətimiz kimlərdəsə qıcıq yaratmamaq üçün mətbuatdan kənar fəaliyyət göstəririk. Partiya daxilində bu və ya digər məsələlərdə fərqli mövqelər ortaya çıxır. Bu da mətbuat səviyyəsinə çıxarılanda dartışmaya səbəb olur. Ona görə də mətbuata bu məsələləri çıxarmırıq. Toplantılarımızı əsasən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) və Müsavat Partiyasının qərargahında keçiririk”.
Ə. Yusubov qeyd edib ki, fraksiya növbəti seçkilərə ciddi şəkildə hazırlaşır: “Biz KXCP-nin üzvüyük və seçkilərə də hazırlığımız o müstəvidə olacaq. Düşünür ki, partiya rəhbərliyi ilə bu məsələdə müzakirələr aparaq. Parlament seçkilərinin keçirilməsinə illik bir müddət var. Artıq, fraksiyadan ayrı-ayrı dairələr üzrə namizədlərimiz müəyyənləşib.
“Demokratik Birlik”in nümayəndəsi deyib ki, parlamentin boş qalan deputat yerlərinə seçkilər keçiriləcəksə, fraksiya həmin seçkilərdə iştirak etməyəcək: “Hazırda Parlamentin boş qalmış deputat yerlərinə namizədliklə bağlı fikirlər mövcuddur. Hesab edirəm ki, qeyri-legitimliyi elan olunmuş bir qurumda fəaliyyət göstərmək siyasi prinsiplərdən kənara çəkilməkdir. Biz boş qalan yerlərə keçirilən seçkilərə namizədliyimiz versək, özümüzü inkar etmiş oluruq”.
İlkin PİRƏLİ