Modern.az

Gülər Əhmədovanın ürəyi, Avropanın “açarı”…

Gülər Əhmədovanın ürəyi, Avropanın “açarı”…

Aktual

1 Dekabr 2013, 11:34

/file/articles/2013/12/01/97829.jpgNamidə BİNGÖL

Tarixi proseslərin axarında siyasi qütbləşmə mütləqdir. Amma tərəfdaşlıq məsələlərinə gəlincə, məsələ fərqli istiqamətə yön alır. Formaca qütbləşmə olmasa da, ikitirəliyin məzmununun dərinliyində gizli mətləblər yatır. Bu mənada bu həftə reallaşan “Vilnüs sammiti”, Avropa İttifaqının Azərbaycanla viza rejiminin sadələşdirilməsi barədə imzaladığı sənəddən aşağıda ətraflı danışacam. İndi isə keçək Azərbaycanın daxili siyasi meydanında mövcud soyuq müharibə savaşına.

Bu nədən baş verdi? Niyə belə oldu, axı?! Daha doğrusu, niyə belə etdiniz? Məqsədiniz, məramınız nə idi? Milli Şuranın sədri Rüstəm bəydən danışıram. Bəhbəhlə Milli Şura ideyasını ortaya atdı, sonra da.... Deyirəm, doğru deyirlər e, rejissorun qərarı dəyişkən olur. Milli Şuranın siyasi meydana düşüb inkişaf etdiyi dövrə qədər bizim Rüstəm bəyin adı oldu, amma özü olmadı, siyasi proseslərdə. Nəhayət, kişi son qərarının nə olacağını etiraf etdi. Yəni Milli Şura sədrliyindən istefa verdi. Demək bura qədər imiş. Rüstəm İbrahimbəyovun rol aldığı ssenarinin taleyi istefa ilə yekunlaşdı. Qeyd edim ki, ssenarinin növbəti baş qəhrəmanı Cəmil Həsənli olacaq. Başıbəlalı Milli Şuranın sessiyasının keçirilməsi tarixi gecikir. Gecikmənin səbəblərinə don geydirənlər də var. Fikir ayrılıqlarının olmasını düşünənlərə qarşı Milli Şura üzvü Eldəniz Quliyev yaman qəzəblidir. Deyir gecikmənin səbəbi Eldar Namazovun Avropa turnesi ilə bağlıdır. Nə deyirik. Qoy Eldar bəy turnesini başa vurub qayıtsın, məşhur mahnını sözlərində deyildiyi kimi, “görək sonra nə olur”.

Öz aramızdı, Eldəniz Quliyev YAP funksioneri Siyavuş Novruzovu da yaman qaralayıb ha! Elə ki, Milli Şura haqqında ağzını açıb nəsə demək istəyirsən, dərhal Eldəniz Quliyev səni Siyavuş Novruzova oxşadır. Bir ölkədə bu qədər Siyavuş Novruzov olar?! Məncə, biri kifayətdir də. Sən demə, qara qızın dərdi varmış. Yəni Eldəniz bəy, Siyavuş Novruzovun adını elə-belə hallandırmır. Bu o səbəbdəndir ki, Milli Şura yaranandan Siyavuş Novruzov tənqidi fikrilər söyləməkdən bir an olsun belə usanmır. Yeri gəlmişkən, Milli Şura sədrliyindən istefa verən Rüstəm bəy haqqında YAP-ın icra katibinin müavini Siyavuş Novruzov növbəti bəyanatını səsləndirib. Sən demə, Siyavuş müəllim Rüstəm bəyin Milli Şura üzvlərini yarı yolda qoyub gedəcəyini öncədən görürmüş. İndi də Siyavuş müəllim deyir ki “görürsünüz, yari yolda atıb getdi, siz də şahid oldunuz”. Siyavuş müəllim, sizin uzaqgörənliyinizin əhatə dairəsi çox genişdi deyəsən. Neyləyək e, biz sizin kimi görə bilmirik axı!

Dəmir barmaqlıqlar arasında işıqlı həyatı görə bilməmək isə çox çətindir. Allah heç kəsi həbsxana divarları arasına salmasın. Uzun sözün qısası, sabiq millət vəkili, dələduzluq maddəsi ilə həbs olunan Gülər Əhmədovanın məhkəmə prosesi son qərar qəbul edə bilmir. Gülər Əhmədovanın növbəti məhkəmə prosesində yenə ürəyi gedib. Düzü, bu haqda heç yazmaq istəmirəm. “Köhnə hamam, köhnə tas məsəli” kimi, bu məhkəmə prosesi də acı bağırsaq kimi uzanır. Gülər Əhmədovanın məhkəmə prosesində ürəyi əl versə, yekun qərarın nə olduğu bəlli olacaq.

Noyabr ayının 28-29-da Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Litvanın paytaxtı Vilnüsdə gerçəkləşən sammit Azərbaycan üçün xeyirli oldu. Hər halda söylənənlər, ümidlər, gözləntilər bunu deməyə əsas verir. Sammit Azərbaycana“bağlı” Avropa qapılarını açmaq üçün “açar” verdi desək, yanılmarıq. Azərbaycan Avropa İttifaqı ilə viza rejimin sadələşdirilməsi haqqında saziş imzaladı. Deyilənlərə görə, Azərbaycan xalqı üçün mühüm əhəmiyyət kəsb edən bu sənəd millətimizin Avropa turuna çıxmasını asanlaşdıracaq. Yəni, daha doğrusu, sənəddə bunlar nəzərdə tutulub. Sən demə bundan sonra xalqımızın nümayəndələri Avropaya getməkdə çox da çətinlik çəkməyəcək, yəni viza ümün tələb olunan sənədlərin sayı azalacaq və daha az maliyyə tələb olunacaq. Amma deyəsən bu saziş Rusiyanı da özündən çıxaracaq. Hər halda antirus əhval ruhiyyəli bəyanatları, şərhləri təhlil etdikdə bu nəticəyə gəlmək olar. Nə deyək hər şeyi zaman göstərəcək. Təki üzümüzə açılan Avropa qapıları xalqımız üçün əmin-amanlıq gətirsin.

Yəqin ki, Azərbaycan səhiyyəsindən əziyyət çəkən, ancaq müalicəyə ciddi ehtiyacı olanlar da Avropada müalicə almağa üz tutacaq. Ancaq bunun üçün viza rejiminin sadələşdirilməsi bərabər əhalimizin maddi durumunun yaxşılaşdırılması da vacibdir. Ancaq arzu edirik ki, heç kim xəstəxanaya düşməsin, düşsə belə, öz həkimlərimiz ona çarə tapsın. Daha Avropa yollarında qalmasın. Təki kimsə viza rejimindən xəstəliyini sağaltmaq üçün istifadə etməsin. Ümid edək ki, Bakı səhiyyə problemlərini həll edib ağır xəstə vətəndaşlarımızı Avropaya üz tutmağa məcbur etməsin....

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı