Modern.az

Ukraynada yüksək vəzifə almış azərbaycanlının atası: “Oğlumla fəxr edirəm” – EKSKLÜZİV

Ukraynada yüksək vəzifə almış azərbaycanlının atası: “Oğlumla fəxr edirəm” – EKSKLÜZİV

Aktual

10 İyun 2014, 17:17

Ukraynadakı seçkilərdən öncə Pyotr Poroşenkonun prezident seçiləcəyi təqdirdə bir neçə fəal azərbaycanlının yüksək vəzifəyə gətiriləcəyi haqqında məlumatlar yayılırdı. Yeni seçilən prezidentin andiçməsindən sonra proqnozlar özünü doğrultdu. Belə ki, ötən gün Ukraynada 3 nəfər azərbaycanlı dövlət vəzifələrinə təyin oldu. Onlardan biri – Kiyev Şəhər Dumasının üzvü seçilən jurnalist Rəna Nəzərova, digəri Ukraynanın Qafqaz Xalqları Konqresinin rəhbəri Paşa İlisuyski (Məmmədov) və hüquqşünas Aqiyə Axundovadır.  

Modern.az-a eksklüziv açıqlamasında Xarici İşlər Nazirliyi Şurasına üzv seçilən yeganə azərbaycanlının atası öz təəssüratlarını bölüşüb. Ukraynanın Qafqaz Xalqları Konqresinin rəhbəri Paşa İlisuyskinin (Məmmədov) atası Ağciyər Xəstəlikləri İnstitutunun baş həkimi Xəyyam Məmmədov bütün Azərbaycanlılar kimi oğlu ilə fəxr etdiyini və bundan da böyük nailiyyətlər gözlədiyini söylədi. “Oğlum üç ildir ki, Ukraynada yaşayır. Çox bacarıqlıdır. Ondan bundan da böyük müvəffəqiyyətlər gözləyirəm”. Paşa Məmmədovun soyadının dəyişməsinə münasibət bildirən Xəyyam Məmmədovun sözlərinə görə, oğlu heç vaxt soyadını dəyişməyib. “O, elə oğul deyil ki, soyadını dəyişsin. Sadəcə olaraq İlisu kəndindən olduğumuzdan kəndin adını özünə təxəllüs götürüb. Hər yerdə adı və soyadı Paşa Xəyyam oğlu İlisuyski gedir”. 

Oğlunun vəzifəyə təyin olunması ilə bağlı çoxsaylı təbriklər aldığını deyən Xəyyam Məmmədov onun vəzifəyə gətiriləcəyi ilə bağlı məlumatlı olduqlarını da qeyd etdi. “Əvvəl özü ilə zəngləşəndə belə bir şeyin gözlənildiyini deyirdi. Amma konkret bilmirdi. Heç özü də əvvəlcədən belə şeyləri danışmağı sevmir. Xəbəri dünən oxudum. Elə onun təyinatı günü mənə çoxsaylı zənglər gəldi. İlk növbədə yaxın dostlar təbrik etdilər. Azərbaycan xalqı üçün bunun böyük fəxr olduğunu deyirlər. Mən də bir ata kimi oğlumla fəxr edirəm”.

Xatırladaq ki, Ukraynanın Qafqaz Xalqları Konqresinin rəhbəri Paşa İlisuyskinin (Məmmədov) atası Xəyyam Məmmədov hazırda Azərbaycan Ağciyər Xəstəlikləri İnstitutunun baş həkimidir. X. Məmmədov 1993-2002-ci illərdə Qax rayon İcra Hakimiyyətinin başçısı funksiyalarını yerinə yetirib. 

Gültəkin ƏLƏSGƏR


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı