Modern.az

Zakir Həsənovdan gözləntilər: “Uğurlu və uğursuz təyinatlar var”

Zakir Həsənovdan gözləntilər: “Uğurlu və uğursuz təyinatlar var”

Aktual

12 İyun 2014, 12:32

Ötən ilin oktyabrında müdafiə naziri vəzifəsinə təyin olunmuş Zakir Həsənov geridə qalan aylar ərzində bir sıra işlər həyata keçirib. Bütün yeni nazirlər kimi o da kadr dəyişiklikləri edib. Bundan əlavə, orduda rüşvət faktları ilə bağlı həbslər və məhkəmə prosesləri başlayıb. Müdafiə Nazirliyi sistemi və orduda daha nələr gözlənilir? Proses bununla bitəcəkmi?

Modern.az saytı cəmiyyətdə mövcud olan müxtəlif müzakirələri, sualları, gözləntiləri nəzərə alaraq ekspertlər arasında sorğu keçirib.

Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc: “Ali Baş Komandan kimi İlham Əliyevin müdafiə sahəsinə silahlı qüvvələrin formalaşmasına dair hədəflərə çatmaq üçün qoyduğu vəzifələri yeni nazir uğurla həyata keçirməkdədir. Hazırkı dönəmdə yeni nazirin əsas işləri təkcə kadrların yerinin dəyişdirilməsi və bu əsnada yeni abı-havanın yaradılması deyil, eyni zamanda daha mühüm vəzifələr əsgər və zabitlər arasında mənəvi-psixoloji şəraitin dəyişdirilib yaxşılaşdırılması, əsgərlərin hüququnun müdafiəsi, birbaşa səngərdə, bütövlükdə orduda gerçək vəziyyətin analiz edilməsi və bunun bütün digər zabit heyətinə də bir nümunə kimi təqdim edilməsidir.

Zabit və əsgər heyətinin sosial təminatı ilə bağlı işlər çox mühüm tədbirlərdir. Xarici əlaqələrin quruculuğunda da Azərbaycan hərbi təhlükəsizlik maraqlarını özündə ehtiva edən səfərlər və qəbullar həyata keçirilməkdədir. Zənnimcə, gələcək dövrdə ordu sferasında islahatlar daim intensivləşdirilməli və dərinləşməlidir. İlk növbədə mülki və hərbi vəzifələr bir-birindən daha konkret şəkildə ayrılmalıdır. Eyni zamanda orduya kollegial idarəçilik məhz Baş Qərargah tərəfindən reallaşdırılmalıdır. Paralel şəkildə ordunun zabit heyətinin sosial təminatı gücləndirilməlidir. Eyni zamanda Azərbaycanın bir prioritet olaraq NATO sistemi ilə daha yaxından inteqrasiyası o quruma daxil olmadan belə mümkündür və bu yöndə addımlar sürətləndirilməlidir”.

Hərbi ekspert Üzeyir Cəfərov: “Zakir Həsənov təyinatından sonra uğurlu və uğursuz kadr dəyişiklikləri də olub. Müdafiə Nazirliyində bir sıra əməllərdə neqativ istiqamətə yönəlmiş şəxslər var idi. Məsələn, general-mayor Məmməd Beydullayev, o cümlədən bu yaxınlarda həbs olunub vəzifədən çıxarılmış Çingiz Məmmədov və digərlərinin adlarını çəkməliyəm. Zakir Həsənov Müdafiə Nazirliyində normal komanda formalaşdırmaq, ordunun imicini müsbətə doğru dəyişmək istəyirsə, mütləq mənada adı neqativ hallanan şəxslərdən uzaq olmalıdır və Azərbaycan Silahlı Qüvvələrinə peşəkar, savadlı insanlar cəlb olunmalıdır. Amma sonrakı proseslərdə bir sıra təyinatlar həyata keçirildi ki, o təyinatlar şəxsən məni qane etmədi. Bu gün Müdafiə Nazirliyində hələ də nazirin atdığı addımlara qarşı çıxan qüvvələr var. Onlar müəyyən maraqlar çərçivəsində kadr islahatları həyata keçirirlər. Dəfələrlə qeyd etmişəm, bu gün də qeyd edirəm ki, adları mətbuatda bu gün də hallanan və bu dəqiqə mətbuatın gündəmindən düşməyən polkovnik Elxan Məcidov adlı birisi var. Bu adam Baş Qərargah rəisinin köməkçisi idi, indi isə Baş Qərargah Aparatı rəhbəridir. Bu adam özünü əndazəsiz aparır. Zakir Həsənov belə şəxslərdən Müdafiə Nazirliyini təmizləməlidir. Kadr təyinatlarında peşəkarlara və bacarıqlı insanlara önəm verilməlidir. Son təyinatlardan olan general-leytenant Kərim Vəliyevin müdafiə nazirinin müavini təyin olunması, polkovnik Rüfət Əmirovun nazirliyin idarə rəisi təyin olunması, general Elbrus Orucovun əməliyyat idarəsinə rəis təyin olunması ondan xəbər verir ki, doğrudan da çox uğurlu təyinatlar həyata keçirilir”.

“Azərbaycan Müharibə Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev: “Məni qane etməyən müəyyən kadr islahatları olub. Müsbət hallar sırasına Zakir Həsənovun müəyyən işlək xüsusiyyətlərini, müəyyən islahatları, onun hər bir təşkilatla sırf təmasda olmasını, hərbi hissələrə getməyini, texnikaların alınmasını sadalamaq olar”.

“APA Holdinq”in əməkdaşı Rəşad Süleymanov: “Ümumiyyətlə, Zakir Həsənov təyin olunan gündən indiyə qədər Silahlı Qüvvələrdə kifayət qədər islahatlar aparılıb. Bu islahatlar həm kadr sahəsini, həm də Silahlı Qüvvələrin döyüş hazırlığı ilə bağlı məsələləri əhatə edir. Əgər diqqət yetirsək, Səfər Əbiyev dönəmindən fərqli olaraq, müdafiə nazirinin hərbi bazalara mütəmadi səfərləri baş verib. Eyni zamanda həm Silahlı Qüvvələrin cəbhə xəttində, həm arxa cəbhədəki birləşmələrin təlimləri davamlı şəkil alıb və bu təlimlər barədə Müdafiə Nazirliyi özü məlumat yayır. Əvvəlki təlimlərdən fərqli olaraq indiki təlimlərdə praktiki atışlara daha çox yer verilir. Əsas dəyişikliklərdən biri də Müdafiə Nazirliyində kadrlarla bağlıdır. Səfər Əbiyev dönəmində Silahlı Qüvvələrdən kənarda qalmış və dəyərləndirilməyən müharibə, döyüş görmüş və təcrübəli zabitləri Müdafiə Nazirliyi strukturlarına cəlb etdi. Polkovnik Rüfət Əmirovun, polkovnik Azad Əsədovun yenidən Silahlı Qüvvələrə cəlb olunması, Heydər Piriyevin Ali Hərbi Məktəbin daha sonra isə Hərbi Akademiyanın rəisi vəzifəsinə təyin olunması, müdafiə nazirinin müavini vəzifəsinə Kərim Vəliyevin və Qorxmaz Qarayevin təyin olunması, Hərbi Hava Qüvvələrinə bu sahənin mütəxəssisi olan general-mayor Ramiz Tahirovun təyin olunması kimi mühüm addımlar atıldı. Bizdə olan məlumata görə, hətta bu prosesin yaxın dönəm üçün davam etdiriləcəyi və çoxlarımızın gözlədiyi (hələ ki, mən ad çəkmək istəmirəm) bir sıra zabitlərin də yenidən Silahlı Qüvvələrdə hərbi xidmətə cəlb olunması baş verəcək.
Mən bilirəm ki, faktiki söhbət kimlərdən gedir. Onların yenidən Silahlı Qüvvələrə cəlbi istiqamətində işlər aparılır”.

Misranə Həsənzadə 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı