Modern.az

“Şura hökuməti” üçün xiffət: Hansı nəsil bu azardan qurtula bilmir? - Sorğu

“Şura hökuməti” üçün xiffət: Hansı nəsil bu azardan qurtula bilmir? - Sorğu

Aktual

18 İyun 2014, 16:19


70 il sovet rejimində yaşamış Azərbaycan cəmiyyəti bu gün həmin rejimi, o dövrkü həyat tərzini, mühiti unuda və müzakirə etməyə bilmir. Cəmiyyətin bir qismi sovet dövrünü tərifləyir, hətta o zaman üçün burnunun ucu göynəyir, bir qisim isə o zamana lənət oxuyur və Qərbə meylliliyi dəstəkləyir.

Modern.az saytı müxtəlif yaş qruplarında olan tanınmışlar arasında bu mövzuda sorğu aparıb:

Yaşlı təbəqə

Deputat İlyas İsmayılov: “Cəmiyyətin hər bir üzvünün öz fikri var. Sovet dövrünün də öz üstünlükləri var idi. Ancaq müstəqilliyimizi qoruyub saxlamalı, bizə harada xeyirdir, orada da olmalıyıq. Bütün dünya dövlətləri ilə də qarşılıqlı əməkdaşlıq münasibətində olmalıyıq. Heç kimə düşmənçilik münasibəti bəsləməməliyik. Qərbə, ya Rusiyaya meyilliyi qarşı-qarşıya qoymaq düzgün deyil. Hara bizim milli maraqlarımıza uyğundur, orada olmalıyıq”.

Aktyor-rejissor Əbdül Mahmudov: “Biz qan tökmüşük, balalarımız qurban gedib ki, dövlətçiliyimizi, müstəqilliyimizi bərpa edək. Əgər hansısa məmur xalqa pis münasibət bəsləyirsə, bu o demək deyil ki, insanlar narazı olur və düşünür ki, sovet hökuməti, “Şərq” yaxşıdır. Hər yer yaxşıdır, amma ən yaxşısı özümüzük. Bizdən yaxşısı yoxdur. Əxlaq, mənəviyyat, milli mənəvi dəyər, tarix, mədəniyyət, nə desən bu xalqdadır, kim istəyir gəlib bizdən aparsın. Bərabər səviyyədə öz mövqeyimizi, dövlətimizi, dövlətçiliyimizi, mənəvi dəyərlərimizi saxlamaq şərti ilə heç kəslə düşmənçilik etmək lazım deyil”.

Orta yaşlı təbəqə

Aktrisa Sənubər İsgəndərli: “Kim sovet dövründə gözəl yaşayıbsa, o dövrə aid gözəl hisslər yaşayır, kim bu dövrdə gözəl yaşayırsa, onun üçün indiki dövr daha gözəldir. Yəni o insana baxır. Amma sovet dövründə təbii ki, müsbət və mənfi cəhətlər də var idi. Ən böyük müsbəti o idi ki, savada, biliyə daha böyük yer və diqqət ayrılırdı. Mənə elə gəlir ki, nə Qərb, nə Rusiya, nə Şərqə meyl etməliyik, harada gözəllik, gözəl örnəklər var, daha çox onlardan yararlanmalıyıq”.

Telejurnalist Elçin Əlibəyli: “Mən bu barədə 4 il qabaq “Rusiya öz serialları vasitəsilə SSRİ-ni bərpa edir” adlı böyük bir məqalə yazmışdım. Bu elə belə deyildi. Sovet dövrünü əhatə edən bir neçə böyük seriallar efirə çıxdı və birdən rus dilini bilən əhali çox böyük məmnunluqla onlara baxır, nostalji hissləri yada salırdı və yaxud da gənclər baxıb düşünürdülər ki, o dövrdə hər şey doğrudan da gözəl idi. Əslində, sovet dövləti və rejimi eybəcər idi. Bütün insanlıqdan, bütün mümkün milli hisslərdən uzaq, iqtisadi baxımından anormal bir quruluş idi və mənim üçün bu quruluşu tərifləmək özü gülməli görünür.

Təbii ki, birmənalı şəkildə Azərbaycanın yolu Qərbə olmalıdır. Çünki 1918-ci ildə qurduğumuz Cümhuriyyət Qərbmeylli idi. Əgər o cümhuriyyət qalsaydı, bu gün dünyanın aparıcı dövlətlərindən birinə çevrilmək imkanımız var idi. Ən azından regionda böyük bir dövlət ola bilərdik. 20 illik müstəqillik ərzində biz artıq regionun əsas dövlətlərindən birinə çevrilə bilmişik, böyük nailiyyətlər əldə etmişik. Yəni Azərbaycan xalqının gücü çatır ki, müasir, qərbyönlü, insan haqlarına, azadlığa, azad iqtisadiyyata söykənən bir dövlət qursun. Bu mənada ümumiyyətlə, mən rusmeylliliyin əleyhinəyəm və heç cür onunla barışa bilmərəm”.

Gənc təbəqə 

Yazıçı Dilqəm Əhməd: “Ümumiyyətlə, mən keçmişin müzakirə olunmasının tərəfdarı deyiləm. Ola bilsin ki, kiminsə sovet vaxtında imkanı yaxşı olub, yaxşı işdə işləyib, o insanları başa düşmək olar. Çünki rejim dəyişəndən sonra onlar əvvəlki işlərini bərpa edə bilmədilər. O insanların uşaqlıqları, gənclikləri o dövrdə keçib. Amma təbii ki, onları qınayırlar.

Əlbəttə ki, biz Qərbə daha çox meylli olmalıyıq. 70 il Sovet rejiminin Azərbaycanı nə günə qoyduğunun bu gün şahidi oluruq. Yəni bu gün Azərbaycanda hansısa problemlər varsa, bunun kökündə məhz həmin 70 illik kommunist rejimi dayanır. Azərbaycan birmənalı olaraq Avropaya inteqrasiya yolunu seçməli və çağdaş Avropa ölkəsinə çevrilməlidir”.

Teleaparıcı, “Keçmişə salam” verilişinin aparıcısı Fidan Abdulzadə: “Biz də verilişdə tez-tez Sovet dövrü haqqında danışırıq. Sovet dövrünün bizim üçün də xeyirli olan müsbət cəhətləri var idi. Əlbəttə, mən razı olmazdım ki, biz yenidən sovet rejimində yaşayaq. Amma yaxşı olardı ki, həmin o müsbətləri götürüb indiki cəmiyyətimiz üçün istifadə edək”.

Misranə Həsənzadə

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı