Modern.az

Müdafiə Nazirliyindən Naxçıvanla bağlı iddialara REAKSİYA

Müdafiə Nazirliyindən  Naxçıvanla bağlı iddialara REAKSİYA

Aktual

19 İyun 2014, 17:02

Müdafiə Nazirliyi erməni silahlı bölmələrinin Naxçıvan Muxtar Respublikası ərazisində neytral yüksəklikləri tutması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətindən Modern.az-a bildiriblər ki, ilk olaraq bu yazı və fotolar erməni mətbuatının Azərbaycana qarşı yalanla zəngin və daim qatı düşmənçiliyi ilə seçilən Levon Məlik-Şahnəzəryana məxsus olan saytda yerləşdirilib.

Təhrif olunmuş, yanlış və səhv fikirlərlə dolu məqalə, o cümlədən, qeyri-müəyyən məkanda çəkilərək ona əlavə edilmiş bu fotolar erməni tərəfinin təbliğat xatirinə hazırladığı və daxili auditoriyaya ünvanladığı növbəti uydurmadır.
Təəssüf doğuran isə odur ki, əksər erməni informasiya agentliklərinin bu xəbəri istifadə etmədikləri halda, Azərbaycanın elektron informasiya vasitələri bu məlumatı tirajlamaqla düşmən təbliğatına şərait yaradırlar.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, bu kimi təxribat xarakterli məlumatların yayılmasında və ictimaiyyətimiz arasında çaşqınlıq yaratmağa cəhd göstərilməsində məhz Ermənistanın maraqlı olması şübhəsizdir.
Yayılan məlumatların heç bir əsası yoxdur və ermənilərin növbəti dezinformasiyasıdır. Naxçıvan Muxtar Respublikasında əməliyyat şəraiti Əlahiddə Ümumqoşun Ordusunun tam nəzarəti altındadır və qoşunların təmas xəttində heç bir yerdəyişmə yoxdur. Adı çəkilən məkanda isə "neytral ərazi" anlayışı ümumiyyətlə mövcud deyil.

Bir daha kütləvi informasiya vasitələrinin nümayəndələrindən bu kimi erməni yalanlarına uymamağı və ermənilərin yaydığı xəbərlərin təbliğatını aparmamağı tövsiyə edirik.

Gültəkin ƏLƏSGƏR
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı