Modern.az

Gənc və gözəl müğənni efirdə yandırıb-yaxdı

Gənc və gözəl müğənni efirdə yandırıb-yaxdı

Aktual

19 İyun 2014, 22:45

Sözün digər məcazında...

Fikir nə qədər şablon səslənsə də, televiziya cəmiyyətin əsas güzgüsü hesab olunur. Müasir dövrdə televiziyanın üzərinə sosio- kulturoloji baxımdan böyük yük düşür. Ətrafında milyonlarla tamaşaçı auditoriyası toplayan televiziyanın iş strategiyası məzmunluluğu, çoxşaxəliliyi, əsasən də maarifçilik işi ilə seçilməlidir. Və seçilir də. Dünya praktikasına nəzər salsaq, bunun əyani şahidi olarıq. Uzağa getməyək, qonşu Türkiyədə müxtəlif növ proqramların yayımı üçün xüsusi telekanallar yaradılıb. Ayrıca idman, şou-biznes, kulinariya, incəsənət, ədəbiyyat, moda kanalı və s. Bu da cəmiyyətin istənilən zövq və dərketmədə olan təbəqəsinin maraqlarını təmin edir. Bütün söylənilənlərə rəğmən,  real yanaşsaq, istəlinən sahədə ölkəmizin  durumu heç də Türkiyə ilə bərabər səviyyədə deyil. Odur ki, bizdə eyni praktikaya keçid hələlik müşküldür. Belə olan halda isə, digər uğurlu alternativlər yada düşür. Amma elə türklər demişkən, "nərdə"...

Müəyyən səbəblərdən televiziyadan uzaq düşmüşdüm. Son bir həftə ərzində ekran qarşısında çəkdiyim əzab hər bir məhrumiyyətə  şükür etməyin mümkün olduğunu  təsdiq etdi.  Nə qədər kitabçılığın inkişafından, mütaliə inqilabından, mədəni yüksəlişdən danışılsa da, hamısı boş sözlərdən başqa bir şey deyil. Köhnə hamam, köhnə tasdır. İntellekt və istedaddan başqa hansı məfhum desən, aşkarlanması mümkün olan şəxslər televiziyada at oynadır.


Məramnaməsi bəlli olmayan ölkə telekanallarının hansına keçid alırsansa, ekrandan bir müğənni boylanır. Gözəl səsi, gözəl əndamı, gözəl səhnə mədəniyyəti, gözəl performansı ilə gözəl sənətkarımız evlərimizə gözəl nəğmə çələngi gətirir. Əlini oynada-oynada, ətraflarını burcuda-burcuda silikon ağzını açıb-yumur. Gözəlliyin özü istisna olmaqla hər şey gözəldir. Gözəlliklərlə bol verilişin gözəl qonaqlarının gözəl mülahizələri ilə keçən efir gözəl aparıcının eybəcər zombi nitqi ilə başa çatır. Ardınca proqram yerini ailə- məişət problemləri mövzusuna həsr olunmuş verilişə verir. Və yenə də efirdə gözəl sənətkarımızdır. Bu dəfə ekspert qismində əyləşib, gözəl məsləhətlərini əsirgəmir. Vay-şüvənlə keçən efir vaxtı sona yetir və hələ də kimin nə demək istədiyi, məsələnin kimin ətrafında cərəyan etdiyi məlum deyil. Adətən saatlarla davam edən bu cür verilişlərin tamaşaçı auditoriyası da az deyil. Böyük həyəcanla efiri izləyən insanlar yüz minlərlədir. Bu da nə qədər sərt səslənsə də, təbir qeyri -caiz hesab olunsa da, tamaşaçının durmadan enən intellektual səviyyəsindən, iyrənc şounu sezməyəcək qədər daralan mühakimə qabiliyyətindən xəbər verir.

Nəhayət, gözəl televiziyalarımızın gözəl proqramı yerini gözəl sənətkarımızın evinə qonaq gələn gözəl aparıcımızın verilişinə verir. Böyük hissəsi heç bir naz-nemətdən əskik olmayan gözəl süfrə arxasında keçən gözəl məişət söhbətləri, ev yiyəsinin bostanına atılan daşın çəkisinin müzakirəsi və onun gözəl ev heyvanının- itinin, pişiyinin kameranın obyektinə düşməsi ilə efir nəzəri cəhətdən yer dəyişir. Çünki bir sonrakı verilişin mahiyyəti də demək olar eynidir. Yenə də gözəl mənzilində, gözəl, komfortlu maşınında gözəl müğənnimiz.  

Xarici filmlərin nümayişi ilə boşluğu doldurulan  və yekun vurulan televiziyanın gündəlik proqramında bir dənə də olsun elmi, sağlam ictimai-siyasi, ədəbi müzakirəyə yer verilmir.

Hərdən doxsanıncı illər doğumlu olduğuma görə təəssüflənirəm. Gəncliyimin  dəyər anlayışı ayaq-baş çevrilən dövrə təsadüf etməsi səbəbindən.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı